Bizdə də az yoxdu, düz eləmirik də atam-Dialoq(Verilən qeyri-real vədlər və ya supermen effekti)

480x319.OB-RC-Create-Quality-Content
Bu aralar əməlli-başlı trendə çevrilən Rafiq Vəliyevin müəllifi olduğu “Bəlkə biz düz eləmirik?” mövzusu ilə bağlı mən də bir cızma-qara etmək istədim, bu istək o qədər güclü oldu ki, blog açıb ilk blog yazımı yazmağa qərar verdim. Dialoq formasında məsələyə münasibətimi bildirdim. İnşallah ki bir şeylər ərsəyə gətirə bilmişəm.:)

Deməli, bu yaxınlarda bir şirkətin rəhbəri ilə iş görüşməsində oldum. Adam uzun müddətdir ki bir neçə sektor üzrə Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub və hal-hazırda da məşğul olmaqdadır.

Söhbətin mövzusu Azərbaycanda marketinq fəaliyyətinə doğru məcra aldı, adam israrla bildirdi ki, marketinq Azərbaycan bazarı üçün deyil, effektivliyinə bir o qədər inanmıram ölkəmizdə, hardan bu qərara gəldiyini soruşdum və marketinq menecmentin önəmindən, effektivliyindən, marketinqin “problem solving” xüsusiyyətlərindən, marketinqə araşdırılaraq, dolğun və səmərəli şəkildə yatırılmış vəsaitin xərc yox, istənilən halda uzunmüddətli investisiya olduğundan bəhs etdim və.s vasitələrlə adamın fikirlərinə təsir etməyə çalışdım.

Adam dedi bir dur(bəlkə sən düz eləmirsən?), mən də uzun müddətdir ki, Azərbaycanda iş dünyasındayam və bu qeyd etdiklərim öz təcrübələrimdən qaynaqlanır(avtomatik düşündüm ki bəlkə mən düz eləmirəm? bir dinləyim adamın dərdini). Əvvəlki işlərimdə 2 Konsulting şirkəti(adlarını demirəm,həm reklam olmasın,həm də peşəkarlıqdan uzaq hesab edirəm) və bəzi marketoloqlarla iş birliyim olub,əvvəlcə Konsulting şirkətlərindən bəhs edim: Birinci şirkətlə müqavilə imzaladıq adamlar gəldilər, dünyaları söz verdilər, bəs qardaş, araşdıracıyıq, fəaliyyətinizi hərtərəfli outsource edəciyik, kankret rəqəmlər qoyacıyıq ortaya, bazar haqqında tam dolğun, detaylı bilgilər verəciyik sizə, rəqibləri nətər lazımdı SWOT edib üstünlük saxlaya bilməyiniz üçün kankret təkliflər verəciyik və.s, siz sadəcə bizə vəsait ayırın və bir müddət vaxt verin,gerisi bizlikdir.

Bir müddət sonra toplantı etdim və nəticələri istədim, düzdür, nəticə bir o qədər də ürəkaçan olmasa da, əvvəlki rəqəmlərlə müqayisədə artım var idi, amma inandırım sizi ki bu onların verdikləri vədlərin yanında bir heç idi və düşünürəm ki bu boyda həngamədənsə öz satış mütəxəssislərimi azca motivasiya etsəydim bu nəticəni rahatca əldə edərdim və praktikada da etmişəm bunu, ikinci Konsultinq şirkəti ilə isə ümümiyyətlə alınmadı işimiz və sövdələşməni müddətindən tez pozmalı oldum.

Daha sonralar isə şirkətlərimdə bir neçə marketoloq işə aldım,iş görüşmələrində mənə gözəl nəzəriyyə danışırdılar, Kotler belə, Druckerin təcrübələri belə, ay Seth Godin belə və.s praktiki keyslər filan, adamların beyinləri güvən verirdi mənə və onları işə alırdım, satış komandası ilə kombinə edib qarşılıqlı fəaliyyətlərini kordinasiya etdim və hər dəfə toplantılarımızda bir komanda kimi çalışıb bir-birlərinə feedback verib səmərəli çalışmalarını bildirirdim, lakin bu dəfə də marketoloqların mənim üçün lazımsız olduqlarını əyani şəkildə gördüm, çünki çox yaxşı və effektiv satış komandam var idi, adamlar möhtəşəm satışlar edirdilər, marketoloqlar isə arada itmişdilər və mənə bazar haqqında tam detaylı informasiyalar verə bilmirdilər, tərəddüd görürdüm onların ifadələrində hər dəfə, həm də bildiyimiz kimi marketinq satış üçün vuran əldir(support funksiyası), amma əksinə satış menecerlərim bazara onlardan daha yaxşı bələd idilər və çox analitik davranırdılar hər dəfə.

Və bütün bu olaylardan dolayı artıq rəhbərlik etdiyim şirkətlərdə marketoloqlarsız çalışıram, mənim üçün sadəcə yaxşı satıcılar var və düşünürəm ki “yaxşı satıcıların qanında var marketinq” və onlar bu xüsusiyyətlərindən satış prosesində ən doğru şəkildə istifadə edə bilirlər.

Və düşünürəm ki ölkədə bu sahə üzrə kankret ixtisaslı kadr qıtlığı var, barmaqla sayılacaq qədər güclü marketoloq adı çəkə bilərəm ölkədə. Özlüyümdə fikirləşdim ki, qardaş, ”başına gələn başmaqçı olar da”, adam bir xeyir görə bilmiyib marketinq tərəfdən. (Yəni əminəm ki,sözün əsl mənasında peşəkar bir marketoloqla iş birliyi olmayıb).

P.S Elə kimi dindirsən deyəcək ki, sahibkarlar düzgün yanaşmırlar marketinqə, xərc kimi baxırlar, investisiya kimi deyil, önəmini dərk etmirlər, yetərli büdcə ayırmırlar ki işləyək filan, böhran vəziyyətlərində ilk növbədə elə marketinq xərclərini azaldırlar və.s. Onda bu cür deyənlərə belə bir sual: Bəlkə düz eləmirsiz? Sizi əmin edirəm ki, əgər marketoloq bütün informasiyaları, hər bir xırda nüansı araşdıraraq dolğun bir şəkildə ortaya qoysa və ən kritik dönəmlərdə(böhran vəziyyətləri və.s) kankret nəticələrlə də bunu sahibkara sübut edə bilsə, sahibkar da bu real nəticələrə görə əlindən gəldiyi qədər support etməyə çalışar. Hər şey real və əl çatan olmalıdır bu baxımdan, uyğunsuz, qeyri-real, böyük vədlər verib uğursuz olmaqdansa, vəziyyətə görə real və əl çatan planlar qurub özünü sahibkara sübut etməlidir marketoloq, konkret rəqəm və nəticələrlə. Bu baxımdan düşünürəm ki, şirkətlərdə marketoloqların üzərində böyük bir məsuliyyət var və bu yükü çəkə bilmək üçün onlar peşəkar olmağa borcludurlar.

Deyirəm bu mövzuya fikir bildirənlər arasında Bəlkə mən düz eləmirəm? açar sözünü ən az işlədən mən oldum..:). Eybi yox, əsas etibarilə mahiyyətdə əks etdirmək istədim bu trendi.

XÜLASƏ-Ümumiyyətlə, hər bir işə, müəyyən fəaliyyətə başlamazdan əvvəl özünüzə belə bir sual verin mütləq: Bəlkə mən düz eləmirəm?

Dostlar, gördüyümüz və ya görəcəyimiz işlərin məsuliyyətini dərk edək, işlərimizdə əsl peşəkar olmağa çalışaq…Faydalı olmaq diləyi ilə..Uğurlar Hamıya!

Yaxşı ideyalar işsizlik zamanı yaranır. :)

Bright-Ideas.jpg

Uzun müddət işsiz qalan bir mühəndis olur. İş tapa bilmədiyini görüncə qərara gəlir ki,borc-xərclə bir klinika açsın. Klinikanın giriş qapısında belə bir lövhə asır: Müalicən üçün 500$ xərclə, əgər sağalmasan əvəzində 1000$ geri qaytarılır. Bir gün klinikanın qarşısından keçən bir həkim bunu 1000$ qazanmaq üçün yaxşı bir fürsət zənn edir və klinikaya daxil olur.

-Həkim: Mən ağız dadımı itirmişəm

-Mühəndis: Tibb bacısı,zəhmət olmasa 22-ci cərgədəki dərmanı gətirin və 3 ədədini pasyentə verin qəbul etsin.

-Həkim: Bu ki qazolindir.(avto benzin,petrol)

-Mühəndis: Təbriklər! Sizin ağız dadınız bərpa olundu,zəhmət olmasa 500$ ödənişinizi təqdim edin.

Kor-peşman klinikadan çıxan həkim itirdiyi pulu qazanmaq üçün bir neçə gün sonra təkrar həmin klinikaya geri dönür.

-Həkim: Mən yaddaşımı itirmişəm və heç nəyi xatırlamıram.

-Mühəndis: Tibb bacısı, zəhmət olmasa 22-ci cərgədəki dərmanı gətirin və 3 ədədini pasyentə verin, qəbul etsin.

Həkim: Bu ki həmin qazolindir.

Mühəndis: Təbriklər! Sizin yaddaşınız bərpa olundu, zəhmət olmasa 500$ ödənişinizi təqdim edin.

Əsəbi halda geri dönən həkim, bir neçə gün keçdikdən sonra təkrar klinikaya gəlir.

-Həkim: Mənim görmə qabiliyyətim xeyli zəifləyib.

-Mühəndis: Təəssüf edirik, hələki bunu müalicə edəcək dərmanımız yoxdur. Buyurun bu 1000$ sizindir.

-Həkim: Cənab, amma verdiyiniz məbləğ 500$-dır axı.

-Mühəndis: Oooo…Təbrik edirəm sizi, sizin görmə qabiliyyətiniz bərpa olundu. Zəhmət olmasa 500$ ödənişinizi təqdim edin. 🙂

“Single & Solo” source anlayışları

Təchizat və ya satınalma şöbəsi olaraq fəaliyyətimiz zamanı bir çox mənbələrdən mal və ya xidmətlər alırıq. Lakin bəzən elə bir situasiya yaranır ki, biz müəyyən mal və ya xidmətləri tək və yeganə mənbədən(təchizatçı şirkətdən) almalı oluruq və yaxud da məqsədli şəkildə almaqda maraqlı oluruq. Bu növ alışlar təchizat sistemində Single və Solo source alışlar adlanır. Bir çoxlarımız bu anlayışları eyni bilirik və ya aralarında prinsipial bir fərqlərin olmadığını düşünürük. Amma sizlərə yaxşı(və yaxud da pis) xəbərim var bunlar əslində fərqli anlayışlardır. Bəs nədir Single və Solo sourcing? Aralarındakı fərqlər hansılardır?

srm-maize-blue

  • Single sourcing- Bu vəziyyətdə əslində sizin müəyyən məhsulu bir neçə təchizatçıdan almaq imkanlarınız var, yaxud da deyək ki, bu məhsulun bazarda bir neçə istehsalçısı var və sizə bir neçə mənbədən təqdim olunur. Lakin siz bir təchizatçı ilə daha yaxşı və sizə daha çox sərf edən biznes şərtləri və ya təklifləri əsasında razılaşıb həmin məhsulu məhz həmin şirkətdən almağa qərar verirsiniz. Burda prioritetlər fərqli ola bilər, məsələn şirkət sizə daha yaxşı texniki və kommersiya təklifləri verə bilər, təklif olunan qiymət sizi daha çox qane edə bilər, üstün servis xidmətləri ola bilər, təqdim olunan məhsul və ya xidmətin şirkətinizin fəaliyyət və keyfiyyət standartlarına uyğunluğu daha çox ola bilər. Həmçinin daha yaxşı xərc azaltma(cost cutting) imkanları vəd edə və digər strateji hədəflərinizə daha çox uyğun ola bilər. Məsələn, siz şirkətiniz üçün kompyuterləri sadəcə Toshiba firmasından alırsınızsa bu single sourcing-dir.

 

  • Solo sourcing- Bu halda isə sizin müəyyən məhsul alışı üçün bazarda seçim imkanlarınız məhduddur. Yəni “A” məhsulunun bazarda yeganə istehsalçısı və bazara təqdim edəni yalnız və yalnız “B” şirkətidir. Sizin fəaliyyətiniz zamanı əgər “A” məhsuluna tələbatınız yaranarsa onu “B” şirkətindən almağa məcbursunuz artıq, çünki bazarda başqa alternativ yoxdur. Bu tip bazarlar satıcı şirkətlərin bazarı hesab olunur və əksər hallarda monopol bazarlardır. Bu cür hallarda təchizat( və ya satınalma) mütəxəssisinin qiymət, keyfiyyət, funksionallıq və digər baxımından təchizatçı şirkətə təsir etmək imkanları çox-çox aşağı olur. Və danışıqlarda, ümumi şərtlərdə diqtə edən tərəf hər baxımdan təchizatçı şirkət olur.

Ümumiyyətlə, həm nəzəriyyədə, həm də praktikada single və solo sourcing-dən mümkün qədər yayınmaq tövsiyə edilir. Düzdür, bəzən şirkətlər bazar şərtlərinə görə solo sourcing-ə getməyə məcbur olurlar, lakin single sourcing-dən yayınmaq mümkündür və tövsiyə ediləndir. Çünki bazar daim dəyişir, inkişaf edir, yeni trendlər daxil olur bazara və elə bir şirkətlər olur ki, bizə daha yaxşı və effektiv təkliflər edə bilərlər. Bu şirkətlər müəyyən məhsul və ya xidmət kateqoriyalarına görə bir neçə də ola bilər. Bu halda biz rəqabətli bir tender həyata keçirərək bütün təkliflərlə tanış ola və müəyyən prioritetlərimizə görə ən üstün təchizatçı şirkəti seçə bilərik. Bundan başqa korrupsiyadan, fraud-lardan da yayınmış olarıq, bildiyimiz kimi, single source məsələlərində fraud halları daha çox olur. Yəni nəticə olaraq qeyd etməkdə fayda var ki, biz təchizat şöbəsi olaraq tək mənbəli alışlara meyl etməməliyik və daima bir və ya bir neçə alış alternativlərimiz olmalıdır.

“Kobra effekti”

Yəqin ki, bir çoxumuz istər iş həyatında olsun, istərsə də həyatımızın müxtəlif əsas aspektlərində çətin situasiyalara düşürük. Bəzən nəqədər baş sındırsaq da düşdüyümüz vəziyyətdən çıxa bilmirik, nəhayət ya birtəhər vəziyyətdən çıxa bilirik, ya da ki, necə deyərlər, “qaş düzəltmək əvəzinə göz çıxardırıq”. Vəziyyətdən çıxa bilənlərə halaldır, onlara sözüm yox, amma bu dəfəki yazımın mövzusu həmin o qaş düzəltməyə çalışarkən göz çıxardanlardır. Bir neçə araşdırmadan sonra müəyyən etdim ki, bizim bu el məsəlinin iqtisadiyyatda, biznesdə, siyasətdə və ya digər istiqamətlərdə təzahür olunmuş forması da var. Bunun adı kobra effektidir.

indiancobra

Kobra effekti-Mövcud problemə verilmiş həll yolu ilə problemi yüngülləşdirmək və ya həll etmək əvəzinə situasiyanı daha da qəlizləşdirmək və ya ümumi durumu daha da pisləşdirməkdir. Bu daha çox nəticəyə təsir edəcək bütün amillərin düzgün hesablanmaması və ya nəzarət olunmayan, fikirdən yayınmış digər aspektlərin diqqətə alınmaması zamanı baş verir. Həm də bir çox hallarda biz sadəcə düşdüyümüz çətin durumdan çıxmaq üçün həmin duruma görə həll yolu axtarırıq(event-based solution), məsələnin sonrası necə olacaq və hansı başqa təsirlər ola biləcəyini düşünmürük. Bəs niyə görə məhz kobra? Kobra hara, problem hara, qaş düzəltmək əvəzinə göz çıxartmaq hara. Əminəm ki, sizdə də belə bir fikir yarandı. Elə isə məsələni bir az da açıqlayaq.

Kobra effekti anlayışı ilk dəfə Britaniyanın Hindistanı müstəmləkə altında saxladığı illər dövründə(koloniyalar dövrü) yaranmışdır. http://www.historyhome.co.uk/c-eight/india/india.htm. Belə ki, Britaniya hökuməti Hindistan ərazilərini işğal edərkən bu ərazilərdə xeyli ilan və əsas da çox təhlükəli kobra növlərinə rast gəlir. Bir çox Britaniya əsgəri kobra sancmasından həyatını itirir. Problem artıq xeyli ciddiləşir və Britaniya hokuməti çıxış yolları düşünməyə başlayır. Hökumət qərara gəlir ki, hər ölü kobra üçün mükafat təsis etsin və hər ölü kobra gətirən hindistanlıya bu mükafat təqdim olunsun. Və bu yolla da kobraların sayını azaltmış olsun. İlk baxışdan effektiv strategiya kimi görünən bu üsul əks effekt verir. Kobralardan yaxşı gəlir götürdüklərini görən hindistanlılar kobraları tutub özləri bəsləyib və çoxaldıb sonra onları az-az öldürərək Britaniya hökumətinə təqdim etməyə başladılar. Və beləcə Britaniya hökuməti həm maddi baxımdan xeyli zərər etmiş, həm də əsas problem olan ilanların sayını azaltmaq əvəzinə daha da artırmış oldu. Hökumət bundan xəbər tutduqda bu işlə məşğul olanları öldürdü və bir müddət sonra bu kompaniyanı tamamilə dayandırdı.

Kobra effekti həyatımızın bir çox anlarında qarşılaşdığımız bir vəziyyətdir. Ona görə də maksimum dərəcədə çalışıb bir məsələ barədə qərar verərkən və ya bir işi icra edərkən bütün amilləri dəqiq analiz etməli, əks təsirləri mütləq şəkildə nəzərə almalıyıq ki, sonda həmin o kobralar bizim özümüzü sancmasın. 🙂

Tarixdə və təcrübələrdə bu tip hadisələr çox olmuşdur. Daha ətraflı məlumat üçün bax: https://en.wikipedia.org/wiki/Cobra_effect

 

 

 

 

 

 

Ənənəvi və Strateji satınalma

Bir çox sahələrdə olduğu kimi satınalma və təchizat istiqaməti üzrə də prosesin icra edilməsinin ənənəvi və strateji tipi vardır. Satınalma prosesini də həm ənənəvi, yəni daha bəsit və eyni istiqamətli, kifayət qədər araşdırma etmədən, işin daha da bətninə enmədən və eyni zamanda da daha dəqiq, işin ən xırda detallarına enərək, dolğun bir araşdırma edərək, konkret strategiyalarla həyata keçirmək olar. Yazı da əsas məqsədim ənənəvi və strateji satınalmanın müqayisəsini aparmaq, üstünlük və çatışmazlıqları göstərməkdir. Getdik..:)

AAEAAQAAAAAAAALfAAAAJDE5Mzg2MTU4LWU4OGItNDRiYS1hYjcxLTU2ZjZjNGUwMzY0Mw

  1. Ənənəvi satınalma sadəcə biznesdə müəyyən bir ehtiyac və ya tələb yaranarkən onun qarşılanması və məhsulun çatdırılması ilə bitir, yəni davamlı olaraq prosesin təkmilləşdirilməsi, keyfiyyətin yüksəldilməsi məsələlərinə bir o qədər də meylli deyildir. Strateji satınalmada isə proses bir qədər çoxşaxəli olur, yəni tələb olunan məhsulun təmin olunması ilə bərabər daim araşdırma və inkişaf yönlü olur, xərclərin səmərəli və effektiv formada azaldılması, keyfiyyətin artırılması, təchizatçı firmalarla effektiv partnyorluq əlaqələrinin formalaşdırılması və.s istiqamətli strategiyalarla şirkət üçün rentabelliyin təmin olunması və sonucda şirkətdə bir dəyər yaradılmasına(value chain) əsaslanır.
  2. Ənənəvi satınalmada proses rutin olduğundan xüsusi bir taktika və metodlardan istifadə olunmur, ona görə də hər tələbə və ya sifarişə xüsusi yanaşma və xüsusi strategiyalar olmur, strateji satınalma isə tələbin bütün detallarının xırdalıqlarına kimi incələnməsi və ən doğru məhsulun, ən doğru zamanda, ən doğru qiymətə və ən doğru keyfiyyətdə təmin olunmasına fokuslanır.
  3. Ənənəvi satınalmada proses başa çatdıqdan sonra ümumi satınalma fəaliyyətinin dəyərləndirilməsi daha çox manual qaydada, yəni mütəxəssislərin rəyi və ya gözəyarı keyfiyyət standartları ilə aparılır, strateji satınalmada isə prosesin effektivliyi və qoyulan məqsədlərə hansı səviyyədə çatıldığını ölçmək üçün konkret KPİ(Key Performance İndicator)-lar və ya Benchmark standartlarından istifadə olunur.
  4. Ənənəvi satınalma bazardan daha ucuz məhsulun tapılması və təmin olunmasına daha çox fokuslanır, strateji satınalmada isə əsas məqsəd uyğun qiymətlə bərabər həmçinin uyğun təchizatçılarla uzun müddətli əlaqələrin qurulması, təchizatçıların daim yeni və rəqabət qabiliyyətli məhsul istehsalına təşviqi və bununla da gələcəkdə yaranmış olacaq tələb dəyişkənliklərinə hazır olmaqdır.
  5. Ənənəvi satınalma xərclərin azaldılmasında təchizatçılardan müntəzəm endirimlərin alınmasına, bəzən onların qiymət barəsində sıxılmasına daha çox əsaslanır, halbuki biz bilirik ki, çalışdığımız təchizatçılara necə yanaşırıqsa, onlar da bizə hər baxımdan o cür yanaşacaq, yəni endirim istənilərkən bu biznes etikası çərçivəsində, hər iki tərəfin imkanları nəzərə alınaraq edilməlidir, strateji satınalmada isə xərclərin azaldılmasına daha əhatəli baxış həyata keçirilir, belə ki bir təchizatçı ilə iş birliyinə başlamazdan əvvəl onunla görüləcək ümumi işin dəyəri dəqiqliklə hesablanır, buraya məhsulun keyfiyyət kriteriyaları, çatdırılma şərtləri, sifarişin yerinə yetirilmə vaxtı(lead time) və ümumən satınalma prosesinin administrasiyası daxildir.
  6. Keyfiyyətə yanaşma baxımından ənənəvi satınalma daha çox qiymətə həssas olduğundan bəzən tələbin qarşılanması zamanı keyfiyyət kriteriyalarından kənarlaşmalar ola bilər, strateji satınalma həyata keçirən mütəxəssislər isə əvvəlcədən təchizatçı şirkət qarşısında öz dəqiq ölçü meyarlarını və keyfiyyət standartlarını təyin edirlər, buna görə də əvvəlcədən təyin olunmuş keyfiyyət standartlarından yayınma halları çox az olur və uzun müddətli partnyorluq qurulduğundan keyfiyyət standartlarında daim yenilənmələr və inkişaf olur.
  7. Dəyər yaratmaq məsələsinə gəldikdə isə ənənəvi satınalma uyğun keyfiyyətdə, uyğun qiymətdə məhsul təmin olunduğunda artıq yeni texnologiyalara, innovasiyalara bir o qədər də meylli deyildir, strateji satınalmada isə qoyulmuş keyfiyyət standartları əsasında təchizatçıdan gələn yeni və innovativ təkliflərə(e-procurement, e-tendering və.s)  açıqlıq var, belə ki, innovasiyalar və yeni metodlar şirkətə nisbətən baha başa gəlsə də, ümumi biznes proseslərinin daha da optimallaşdırılmasına və zaman, keyfiyyət, davamlılıq kimi üstünlüklər qazanıldığından bazarda digər şirkətlər qarşısında rəqabət qabiliyyətliliyin qazanılmasına gətirib çıxarır.
  8. Əlaqələrin qurulması və səmərəli şəkildə idarə edilməsi baxımından ənənəvi satınalmada əgər hər hansı bir təchizatçıdan uyğun qiymət və ya endirim əldə oluna bilmirsə, artıq müxtəlif yeni təchizatçıların axtarışına, onların dəyərləndirilməsinə, lazımi məlumatların toplanılmasına başlanılır və ümumi təchizatçı sayı artdığından satınalma prosesində bir qarışıqlıq(complexity of purchasing) yaranır, eyni zamanda xeyli vaxt itkisi, risklərin və administrativ işlərin artması müşahidə olunur. Strateji satınalmada isə uyğun təchizatçılarla əsas etibarilə uzun müddətli müqavilələr imzalanır və uzun müddətli partnyorluq prioritetdir. Bu halda satınalma prosesi və sifarişlərin idarəedilməsi nisbətən sadələşir və administrativ xərclərə və administrativ işlərin həyata keçirilməsinə ayrılacaq zaman da azalır, bu eyni zamanda stabillik və yaxşı partnyorluq əlaqələri qurulduğundan daim ümumi xərclərə yenidən baxmağa və optimizasiyaya şərait yaradır.
  9. Şirkət mənfəətinə təsir imkanları baxımından da strateji satınalma ən azı bir addım öndədir, belə ki strateji satınalmada xərclərə daha sistematik və ümumi biznes proseslərinin optimallaşdırılması nöqteyi-nəzərindən baxıldığından daha çox qənaət etmək və mənfəətliliyə nail olmaq olar.
  10. Təchizat zənciri boyunca yaranacaq risklərə təsir etmək və ya onlardan yayınmaq baxımından da strateji təchizat çox əhəmiyyətlidir, belə ki, xərclənəcək hər 1 dolların analizi, hər bir seqment üzrə təchizatçıların həm keyfiyyət, həm onun imkanları(maliyyə və ya digər), partnyorluq qurulacaq şirkətin ümumi korporativ vəziyyəti və bazarda tutduğu mövqeyi ətraflı şəkildə araşdırıldığına görə riskləri aşkarlamaq və vaxtında onlardan yayınmaq imkanları xeyli artır.

Əziz oxucular, bəs siz hansı fərqləri və üstünlükləri görürsünüz? Fikirlərinizi şərhlərdə qeyd edin.

Tam zamanında istehsal fəlsəfəsi(Just in time manufacturing)

Yapon şirkətləri, 1973-ci ilin neft böhranı sonrasında düçar olduqları krizisdən xilas olmaq və düşən mənfəət səviyyəsini yüksəltmək məqsədilə, yeni üsul axtarışlarına başladılar. Bu cəhdlər nəticəsində TOYOTA firmasının inkişaf etdirdiyi Tam Zamanında İstehsal (Just In Time) meydana gəldi. Bu sistem, müxtəlif istehlakçı istəkləri və davamlı artan beynəlxalq rəqabət şəraitində təkmilləşdirildi. Hal-hazırda bu sistem, bütün sənaye şirkətlərinin tətbiqi hədəflədiyi bir model halına gəldi.

Xülasə, bu sistemin yaranması, tarixi, inkişaf mərhələləri haqqında uzun-uzadı yazmayacam, daha çox mahiyyəti və əsas prinsipləri haqqında ümumi məlumat verməyə çalışacağam.

Müxtəlif formada tətbiqlər əsasında Tam Zamanında İstehsal (JIT) sisteminə müxtəlif təriflər gətirilə bilər. Bu təriflərin bəziləri, sistemi yalnız ehtiyatların azaldılması ilə məhdudlaşdırır. Halbuki, JIT bundan daha geniş və əhatəlidir. Yalnız istehsalla əlaqədar fəaliyyətlərdə deyil, vəsait təmin olunmasından yığıma, təmir-baxımdan mühəndislik dizaynına, satışdan üst rəhbərliyə qədər istehsal sisteminin digər sahələrinə də təsirini göstərir. Çünki JIT, bütün sistemdəki zaman və baza itkilərinin qarşısının alınması və yox edilməsi yolu ilə iş məhsuldarlığını əhəmiyyətli dərəcədə və davamlı yaxşılaşdırmağı məqsəd qoyan bir strategiyadır. Qısası, JIT fəlsəfəsi, bütün vahidlərin iştirakı ilə ən az və ya optimallaşdırılmış xərclərlə ən yüksək müştəri məmnuniyyətini təmin edəcək davamlı təkmilləşdirməni məqsəd qoyan bir strategiyadır.

Ənənəvi “nə istehsal edirəmsə onu da satacam”yanaşmasında deyil,”Satdığını istehsal et” şəklində qurulan bu sistemin işləməsində məhsul və ya yarımfabrikat vəsaitdən ibarət olan gərəksiz ehtiyatlar ortadan qalxır. Stoksuz istehsal və ya “0” ehtiyat kimi adlarla da tanınan  JIT, bütün istehsal ehtiyatlarının optimal istifadəsi prinsipinə əsaslanır. Stoklar tam sıfır və ya yox səviyyəsində olmasa da, ənənəvi istehsal yanaşması ilə müqayisədə sıfır səviyyəsindədir və birbaşa sifarişlərə əsaslanır, yəni sifariş miqdarları effektiv və dəqiq şəkildə planlanır və istehsal xətti sifarişlərə uyğun bir şəkildə qurulur. Bu sistemdə kapital, avadanlıq və əmək kimi ünsürlər, ən uyğun zamanda və effektiv istifadə edilir. Müştərinin keyfiyyət və çatdırılma mövzusundakı ehtiyaclarının ən aşağı xərclərlə qarşılandığı bir sistemin davamlı inkişaf etdirilməsi əsas məqsəddir.

maxresdefault

JIT’in üç təməl prinsipi:

1 – İsraf və maneələri aradan qaldırmaq.

2 – Ümumi keyfiyyətə nəzarət.

3 –  İşçilərin fəaliyyət siyasətidir.

Bundan başqa sistemə aid bəzi digər nüansları da qeyd etməkdə fayda var:

1 – Məhsul dizaynı mərhələsində yaşanan istehsal problemlərini nəzərə alaraq, mükəmməl bir icra və məhsul dizaynı kəsişmələrini təmin etmək.

2 – Xammalın qəbulunun zamanında olmasını təmin edəcək iş əlaqələrini təmin etmək.

3 – İrəli fikirlilik, gələcəkdə nələr ola biləcəyini proqnozlaşdırma.

4 – Kanban metodunu istifadə etmək.(Metod haqqında ətraflı linkdə:Kanban system)

5 – Tələb-təklif tarazlığına görə məhsul istehsalının vaxtını və sifarişin hazırlıq mərhələsinin dəqiq təyini.

6 – Təsirli bir çarx sistemini, yəni xammal və vəsaitdən məhsula çatan çarx sistemini daha sürətli və təsirli olaraq təmin etmək.

7 – İş mərkəzləri arasında uyğunluğun təmin edilməsi.

8 – Satınalma və istehsalın kiçik miqdarlarda edilməsi.

9- İnvestisiya və əlverişsiz iş mühitindən sürətli bir eniş, malın istehsalı və sonra satışında gözlətmə zamanı az olacağından çox yerə ehtiyacı olmaması.

10- Malın keyfiyyəti artar və tullantı xərcləri azalar. Tullantıların xərclərinin düşməsinin səbəbi isə az miqdarda istehsal olacağından, ediləcək bir səhvdə tullantı da az olacaq.

11-Birdən çox bacarığı olan və elastiki qabiliyyətə sahib işçilər.

12-Biryerdə iş sayəsində isə işçilər bir-birlərini görər, işlərini tanıyar, bir-birlərinə kömək edər, ünsiyyət sürətlənər. Bunlar da komanda işinin əsaslarındandır.

13-Sürətli, mütənasib, daha təsirli təsis qurma və nizamlamalar.

JIT-in əsasları müvəffəqiyyətlə bir çox şirkətlərdə istifadə edilmişdir. Şirkətlət bu metod sayəsində dünya standartlarında rəqabətlə ayaqlaşmağı bacarıb.

Məsələn, satış-istehsal inteqrasiyasını reallaşdırmış olan TOYOTA firması müştərilərinə satın alacaqları avtomobillərin bir çox xüsusiyyətini öncədən təyin edib sifariş etmə imkanı verir. Dell şirkəti də belə şirkətlərə misal ola bilər, belə ki, siz şirkətin saytına daxil olub orda müvafiq bölmələrdən istədiyiniz parametr və göstəricilərdə spesifik kompyuterlər yığa və şirkətə elektron formada sifariş verə bilərsiniz ki, Dell şirkəti də bütün fəaliyyətinin bazasını bu sifarişlər üzərində qurmuşdur və stoklar minimum səviyyədədir, yalnız sifarişlər planlandıqdan sonra müvafiq növdə və parametrdə kompyuterlərin istehsalına start verilir(yəni artıq istehsal olunmadan satılmış kompyuterlərin).

 

 

Təchizat bir zəncirdirsə halqaları möhkəm olsun gərək

Dostlar, çoxdandır məni düşündürən bir məsələ haqqında sizlərlə bəzi fikirlərimi bölüşmək istərdim. Çox sevindirici haldır ki, ölkədə biznes baxımından ana dilimizdə bir çox yeni kitablar dərc olunur, materiallar və müəyyən dərgilər çap olunur, sosial şəbəkələrdə çox böyük gücə malik qruplar və səhifələr yaradılır və effektiv şəkildə fəaliyyət göstərirlər. Lakin bütöv bir şəkildə deyil, ayrılıqda biznes vahidləri kimi yanaşdıqda və sahələr üzrə araşdırdıqda görərik ki, bu qeyd etdiklərim daha çox Marketing, Satış və qismən də İnsan Resurslarının İdarəedilməsi(HR) sahələri üzrədir. Və bunları edən qeyd etdiyim sahələrdə ixtisaslaşmış şirkət nümayəndələri və müxtəlif peşəkarlardır, öz şirkətləri ilə bərabər ölkəyə, millətə də faydalı olmağa çalışırlar. Eşq olsun! Hər biriniz dəyərlisiniz! Bir daha qeyd edirəm ki, çox sevinirəm buna görə, çünki bunlar hamsı vahid məqsədə yəni ölkədə biznesin inkişafına yönəlmiş addımlardır. Lakin bütün bunlarla yanaşı, məni narahat edən və bu yazını yazmağa vadar edən bir məsələ var. Məsələ ondan ibarətdir ki, bir çox dünya ölkələrində ən azı marketinq, satış və insan resurslarının idarəedilməsi qədər önəmli və aktual sahə hesab edilən təchizat zəncirinin idarəedilməsi sahəsi üzrə yuxarıda qeyd etdiyim hallar müşahidə olunmur təəssüf ki. Sanki heç bu sahə mövcud deyil, amma biznes və iş dünyası ilə birbaşa əlaqəli olan hər kəs təsdiqləyə bilər ki, təchizat şirkətin olmazsa olmazlarındandır, çünki ən azından şirkətlərdəki proseslərin(istehsalat, mübadilə, satış və.s) davamlılığı, inkişafı, fasiləsizliyi birbaşa effektiv təchizat zənciri idarəetməsindən keçir. Misal olaraq Zara, Walmart, Toyota, FedEx, Dell və.s kimi şirkətlərin uğur mənbəyi birbaşa olaraq effektiv təchizat zənciri sisteminə bağlıdır. Əlavə olaraq rentabelli çalışmanın əsas halqasıdır, bu səbəbdən də təchizat zəncirinin optimallaşdırılması mənfəətliliyi artırmaq və xərcləri azaltmaq üçün ən mühüm tapşırıq hesab olunur. Bundan başqa məşhur bir deyim də var ki, təchizatda qənaət olunan 1 dollar şirkətin mənfəətində qənaət olunacaq 1 dollar deməkdir. Bu deyim sahənin əhəmiyyətindən və vacibliyindən uzun-uzadı danışmağa lüzum qoymur artıq düşünürəm. Qısası, şirkətlər üçün çox strateji bir sahədir hər baxımdan.

AAEAAQAAAAAAAARUAAAAJGVhYzNkYjIyLTRiYmItNDVlNy04MGVhLTJjYzJmZDM5OWQ2Mw

Nəysə..Çalışacam ölkəmiz baxımından bu sahədə(təchizatın idarəedilməsi) gördüyüm inkişafa mane olan problemləri və bugünki bu durumu öz prizmamdan şərh edim:

Təlim-tədris problemləri

Təəssüf ki, bugün təhsil ocaqlarımızda Təchizatın idarəedilməsi(SCM & Logistics) üzrə dərslər demək olar ki, yox səviyyəsindədir, Qafqaz Universitetində magistr təhsilim zamanı Əməliyyatların idarəedilməsi(Operations managment) dərsi keçilirdi və sadəcə o dərsdə müəyyən qədər toxunulurdu təchizat sisteminə(SCM-Supply Chain Managment). Sənaye mühəndisliyi fakültəsində də müəyyən qədər(az bir səviyyədə) toxunulur bu sahəyə. Digər təhsil ocaqlarında isə bu baxımdan vəziyyət daha acınacaqlıdır. İnandırım sizi ki nəinki fakultələrdə dərs keçiləcək, hətta ayrıca bir fakultə kimi tədris olunacaq qədər geniş və çox əhəmiyyətli sahədir. Təlimlər isə əksəriyyəti korporativ istiqamətdədir(b2b), tələbə kontingenti üçün xüsusi təlimlər və ya sahənin inkişafı və geniş hədəf kütləyə aşılanması istiqamətində digər sosial layihələr yox səviyyəsindədir. Son dönəmlərdə Supply Chain Academy-ni qeyd edə bilərəm sadəcə.

Ana dilində resurs və materialların yoxluğu

Fikir vermişəm məsələn bir sahə üzrə doğma dilimizdə materiallar çoxaldıqca o sahəyə həvəs və meyl xeyli artır, yəni nəticədə insanlar bir sahəni hardasa daha yaxşı dərk edib özünküləşdirə bilir. Paralel olaraq digər dillərdə olan materiallardan da yararlanıb öz ədəbiyyatlarımızla əlaqələndirdikdə çox gözəl nəticələr çıxır ortaya.

Doğru zamanda,doğru yerə,doğru insan(3R) problemi

Bu amil bir çox sahələrdə var, sözümün canı odur ki, məsələn bəzən marketinq mütəxəssisi vəzifəsinə sosiologiya, psixologiya bitirən, qlamur həyat tərzi keçirən biri gətirilir, adam ofisdə oturub marketerlik edir, bir dəfə də olsun Sədərək bazarına baş vurmur, düşünmürəm ki marketinq ofisdə olsun, inandırım sizi ki, belə tiplər 09:00-18:00-ə qədər vaxt keçirib evə qaçmaqda maraqlıdırlar, ölkə səviyyəsində sahənin inkişafına töhfə vermək onların ağlının ucundan belə keçmir. Və yaxud da insan resursları üzrə mütəxəssis vəzifəsinə ibtidai sinif müəllimliyini bitirmiş və əslində kargüzar işi görən biri gətirilir ki, bu adamın işi ay sonu tabel hesablayıb mühasibatlığa verməklə bitir(bu məsələ dərin məsələdir HR baxımından,ona görə əsas məsələdən yayınmamaq üçün çox dərinə getmirəm) və inanmıram ki bu tip də sahənin inkişafında maraqlı olsun, istisnalar çox az da olsa bəlkə də var. Bu vəziyyət təchizatın idarəedilməsi baxımından daha da acınacaqlıdır, belə ki bir çox hallarda xarici dillər və ya digər müəllimlik və dil ixtisasları üzrə təhsil almış, sadəcə dil bilikləri olduğuna görə işə alınan və məcburiyyət qarşısında qalıb işliyən, SCM nəzəriyyəsindən xəbəri olmayan, iş dönəmində prosedurları öyrənib sadəcə işini yola verib 18:00-a kimi saatları sayan biriləri də inanmıram ki sahənin inkişafında, öyrənib öyrətməydə maraqlı olsun. Yəni bu punktdakı problemlər əsas etibarilə qeyri-effektiv HR sistemi və yararsız(“Azərbaycansayağı”) idarəetmə sistemi ilə bağlıdır.

İş yükü məsələsi

Bəzən mən bu məsələ barədə danışanda mənə bildirirlər ki, təchizatçıların iş yükü və məsuliyyəti daha çoxdur deyə onlar sosial şəbəkələrdə kifayət qədər vaxt keçirə bilmirlər və əlavə təlim-tədris layihələri üçün də vaxtları olmur. Məsuliyyət barəsində razıyam, söz yox, amma inandırım sizi ki, digər sahələrdə(Marketing, Satış, İRİ, Maliyyə-mühasibatlıq) də iş yükü az deyil və düşünürəm ki, işinə peşəkar yanaşıb, öz vəzifə və öhdəliklərini tam dəqiqliklə və 4-ün 4-ə yerinə yetirən istənilən mütəxəssisin iş yükü həmişə çoxdur, biznes sahəsindən və vəzifəsindən asılı olmayaraq. İş yükü məsələsində hər sahədə qarma qarışıqlıq var əslində, məsələn necə ki, marketinqə şirkətlərdə satış şöbəsinin də işini gördürürlərsə, eləcə də Təchizat və satınalma şöbəsi adı altında bütün təchizatın idarəedilməsini, anbarın, stokların idarəedilməsini, logistika, yükdaşımaları 2 və ya 3 işçiyə gördürürlər, təəssüf ki bu var, amma qeyd etdiyim kimi hər sahədə var bu məsələ ölkəmizdə.

Peşəkarların kifayət qədər sosial aktiv olmaması

Sosial şəbəkələrdə aktiv biriyəm və bacardığım qədəri ilə biznes dünyasını hərtərəfli şəkildə izləməyə çalışıram və deyə bilərəm ki bəhs etdiyim sahənin adamları Marketoloqlar və HR-lar kimi aktiv deyillər sosial şəbəkələrdə, halbuki bildiyimiz kimi ən böyük layihələrin hədəf kütləsi məhz sosial şəbəkədən formalaşır və geniş bir kütləyə yetişmək imkanları var. Mən əminəm ki, ölkəmizdə bu sahənin də(təchizatın idarəedilməsi) peşəkarları çoxdur, amma ya bildiklərini bir o qədər də paylaşmaq, öyrədib öyrənmək istəmirlər, ya müəyyən kompleksləri var, ya onları hər şey qane edir, başlarını ağrıtmaq istəmirlər, ya da ki bəlkə də mənim bilmədiyim başqa nələrsə var. Görünən odur ki, bu sahə bir qədər arxa planda qalıb hal-hazırda, gənclərə, tələbə kontingentinə sahənin əhəmiyyəti aşılanmır, onlar bu sahəyə təşviq olunmur, sosial proyektlər çox azdır.

Xülasə

Mən düşünürəm ki, bir sahənin əhəmiyyətli dərəcədə inkişafı və ölkə miqyasında geniş yayılması həmin sahənin peşəkarlarından və onların bu sahəyə vermiş olduqları və ya verəcəkləri töhfədən birbaşa asılıdır. Məsələn, kim nə desə də, mən əminliklə deyirəm ki, ölkəmiz baxımından 13-14 yaşı olan marketinq bugün çox inkişaf edib ölkəmizdə və sanmıram ki, burda əlavə dəstək və ya xüsusi yardım fondu filan rol oynadı, xeyr bu birbaşa bu sahənin peşəkarlarının alın təri hesabına, onların zəhməti və öz töhfələrini əsirgəməməsi hesabına baş verib.

Əziz təchizatçılar, logistiklər, kolleqalar, sizləri bir araya gəlib daha yaxşı bir şəkildə sosial platformalarda geniş şəkildə networkingə, sahə üzrə problemləri ortaya qoyub onlar ətrafında müzakirə etməyə, təlim-tədris məsələlərində aktivliyə, bildiklərinizi paylaşıb həm öyrənməyə, həm də öyrətməyə çağırıram.

Dəyərli Dostlar, bəs siz ölkədə Təchizat zəncirinin idarəedilməsi baxımından hansı problemləri görürsünüz? Fikirləriniz çox maraqlı olar.

İctimai nəqliyyatımızda “Baku Bus” fərqi

İctimai Nəqliyyat

Yəqin bir çoxunuz razılaşarsınız ki, hər gün ictimai nəqliyyatdan istifadə etdiyimiz zaman bir çox hallarda bu və ya digər formada əsəb və stress qazanırıq. Mən də sizlərdən biriyəm, bir çox hallarda sürücülərlə mübahisələr fonunda və ya başqa formada ictimai nəqliyyatda xeyli əsəb və stress keçirdirəm. 21-ci əsrdə-sosial innovasiyalar, texniki tərəqqi, ən müasir texnologiyalar dövründə yaşayırıq, amma bir çox baxımdan əminliklə qeyd edə bilərəm ki, ictimai nəqliyyatımız və sərnişin daşıma xidməti beynəlxalq standartlara uyğun bir formada təşkil olunmayıb. Şəkildəki vəziyyət də çoxumuza tanışdır yəqin:

thumb400_20141024104541595

Baku Bus MMC-nin avtobusları

Mən də mediada və digər KİV-lərdə oxumuşdum ki, “Baku Bus” MMC-nin avtobusları artıq bəzi xətlər üzrə hərəkətə başlayıblar. Amma bu avtobuslardan istifadə etmək imkanım olmamışdı. Bu gün dedim bu qurumun sərnişin daşıma xidmətindən istifadə edim və ümumi xidmət səviyyəsini, sürücülərin davranış kodekslərini və.s detalları müşahidə edim. Düzü, təəccübləndim çünki təəssüratlarım yaxşı oldu. Öncədən deyim ki, Baku Bus MMC ilə yaxından ya uzaqdan, heç bir formada əlaqəm və tanışlıq münasibətlərim yoxdu əmin olun. Sadəcə, necə deyərlər, yaxşıya dəstək verib daha da yaxşılaşdıraq, pisi də tənqid edib yaxşılaşdırmağa çalışaq. Və yaxud da tənqid edə bildiyimiz kimi bəzən tərif də etmək lazımdır. Beləliklə, şahidi olduğum situasiyanı olduğu kimi sizə anlatmağa çalışacam:

Dayanacaqda idim və Baku Bus MMC-nin avtobusu asta sürətlə dayanacağa yaxınlaşdı və saxladı, mən orta qapıdan mindim(avtobuslar 3 qapılıdır), sən demə avtobusa minəndə ön qapıdan minmək lazım imiş ki, ordan Bakı Kart(metro kartı) vasitəsilə ön qapıya yaxın bir tərəfdə yerləşdirilmiş terminala ödəniş etməlisən və ən əsası da sürücü bunları detallı formada mənə başa saldı, özüdə çox mədəni və səbrli bir şəkildə(bu tip bir sürücü gördüyümə də xeyli təəccüblənmişdim düzü),yəni gülərüz personal anlayışını avtobusda da gördüm. Hiss olunurdu ki, sürücülərə konkret təlimatlar verilib. Elektron ödəniş sisteminin əhəmiyyəti bu sektorda çox önəmlidir əslində, çünki düşünürəm bu sistemin tətbiqindən sonra sürücülər artıq konkret şəkildə fix maaş sisteminə keçər və planı vurub daha sonra əlavə pul qazanmaq üçün avtobusu F-1 yarışlarındakı kimi idarə edib insanlara canlı “20 qəpik” kimi yanaşmazlar. Terminala elektron formada kart vasitəsilə ödəniş etdim və avtobusda özümə yer tutdum.21537e0ff34b744Avtobusda normal komfort var idi, oturacaq daha rahat idi, kondisioner sistemi də çalışırdı, xeyli sərinlədim nəticədə, bundan başqa hər bir dayanacağa yaxınlaşdıqca dayanacağın adı və ünvan elektron səs vasitəsilə avtobusda elan olunurdu, avtobus ancaq dayanacaqda dayanırdı, bəzi sərnişinlərin sürücüdən saxlama tələbinə baxmayaraq sürücü onlara ancaq dayanacaqda saxlamalı olduğunu bildirib normal sürətlə(50-80 km/saat) yoluna davam edirdi. Kənardan da əl sallayıb avtobusu saxlamaq istəyən görəndə də saxlamırdı avtobusu. Dayanacağa çatdıqda orta və arxa qapılar açılır və oradan düşürsən ki avtobusa minmək istəyənlərə bu və ya digər formada mane olmayasan.

Xülasə

Hardasa 20 dəqiqəyə yaxın avtobusda yol getdim və qəti əsəb, stress keçirmədim, əksinə bir az dincimi də aldım. Gündəlik ictimai nəqliyyatda qazandığınız stressi minimuma endirmək istəyirsinizsə bu avtobuslardan istifadə etməyi sizə tövsiyə edirəm. Gələcəkdə bu xidmətin keyfiyyətində hansı dəyişikliklər olacaq deyə bilmərəm, amma görünən odur ki, yaxşı mənada fərqli bir sərnişin daşıma xidməti təqdim olunub, demək ki, bu keyfiyyətdə xidmət göstərmək olarmış. İndi qalır effektiv nəzarət sistemi vasitəsilə keyfiyyətə nəzarət etmək və paralel olaraq onu daha da yaxşılaşdırmaq.

Dünyanın ən önəmli biznes maqnatlarından hesab olunan Bill Gates-dən soruşulur ki, bu qədər uğurlu bir insan olmağınızı nəyə borclusunuz? Bill Gates cavabında bildirir ki, hər şeyi maksimum səviyyədə nəzarət altında saxlamağa çalışmışam. Necə deyərlər, control, control və bir daha control!!! Birdə Millət olaraq da özümüzdən çox şey asılıdır, yaxşı dəyərlərə sahib çıxıb onları qoruyub saxlamağı bacarmalıyıq.

Ümid edirəm ki, Baku Bus MMC öz fəaliyyət dövrü ərzində sosial məsuliyyəti əsas tutaraq, öz missiya və vizionuna sadiq qalaraq ölkədə ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılmasına, vətəndaşlara beynəlxalq standartlara uyğun, rahat, təhlükəsiz və etibarlı bir xidmət göstərilməsinə və müvafiq sektor üzrə innovasiya və təşəbbüskarlıq meyllərinin tətbiqinə önəmli töhfə verəcəkdir.

Asudə vaxtı səmərəli keçirməyin 5 yolu

Yaşadığımız həyat boyunca çalışdığımız, məşğul olduğumuz saatlardan dolayı asudə vaxtımız, həftə sonlarımız və digər formada boş vaxtımız olur. Hər birimiz bu saatlarda dincəlməkdən əlavə onun həm də bizlər üçün səmərəli və faydalı olmağına çalışmalıyıq. Hətta bu məsələ insanın tip olaraq necə biri olduğunu və zamanını necə dəyərləndirdiyini müəyyən etmək üçün bir çox iş görüşmələrində HR-ların ünvanladığı klassik suallardan biridir. Düşünürəm ki, bu vaxtın müəyyən bir hissəsini şəxsi inkişafımıza, dünya görüşünün artırılmasına, sağlamlığımıza, fiziki inkişafımıza sərf etməliyik, ancaq yeyib yatmaq olmaz, sonra zaman keçdikcə, yaşlandıqca bunun pis fəsadları üzə çıxacaq. Düzdür, sizə əslində qeyri-adi bir şeylər də təklif etmirəm, çünki yəqin ki bir çoxunuz bunları edirsiniz, amma əsas məqsədim təklif edəcəyim şeylərin əhəmiyyətini sizə çatdırmaq və bu davranışlarınızı müntəzəm hala salmağın önəmini göstərməkdir. Elə isə bu vaxt kəsiyinin səmərəli şəkildə dəyərləndirilməsi üçün sizə 5 təklifim olacaq:

  1. Şahmat oynayın(oynaya bilmirsinizsə də, mütləq öyrənməyi tövsiyə edirəm).

A hand moving a chess piece during a game

Bu oyunda yaş limiti yoxdur, hər kəs oynaya bilər və bu oyunu öyrənmək heç vaxt gec deyil. Sübut olunub ki, şahmat insanda yaddaşı gücləndirir, beynin daha yaxşı işləməsinə və məhsuldarlığına səbəb olur, analitik düşünmə qabiliyyətini artırır, fikrini cəmləməkdə və hədəfə köklənməkdə yardımçı olur, İQ səviyyəsini inkişaf etdirir, oyun zamanı etdiyiniz müxtəlif gedişlər və variasiyalar kreativliyinizə müsbət təsir edir və təşəbbüskarlığınıza töhfə verir, oyun zamanı qarşılaşdığınız situasiyalardan çıxış yolu axtarırsınız, müxtəlif variantlar edirsiniz ki bu da “problem solving” xüsusiyyətinizi daha da inkişaf etdirir, beyninizdə ən azı 4-5 gediş sonranı düşünüb analiz edirsiniz bu da planlama və proqnoz vermə(forecasting) xüsusiyyətinizi inkişaf etdirir. Bu oyunu oynamaq üçün elə böyük bir maddi vəsait də tələb olunmur, ən azından indiki dövrdə hər kəsin şəxsi kompyuteri var. Bu qədər üstünlüklər fonunda siz hələ də şahmat oynamırsınız? Məncə, bu barədə yenidən düşünün. Sizə dostlarınızla rahat və keyfiyyətli bir formada şahmat oynaya bilməyiniz üçün ideal bir məkan təqdim edirəm(bundan başqa facebook və digər sosial şəbəkələrdə müxtəlif tətbiqlər də var şahmatla bağlı), aşağıdakı linkə daxil olub çox tez bir zamanda qeydiyyatdan keçib online formada şahmat oynaya bilərsiniz:

http://www.chess.com/

2. Filmlər izləyin.

moviesDüşünürəm ki, çoxumuz film izləməyi sevirik, çox gözəl, daha da artıq sevməliyik məncə. Təbii ki bu baxımdan da zövqlər müxtəlifdir, hərə öz maraq dairəsinə uyğun filmlər izləməyə üstünlük verir. Bəs film izləməyin faydalı hansılardır? Filmlər bizə nə verir? Sübut olunub ki, filmlər bir çox hallarda bizə ilham verir, çünki filmlərin bir çoxu real həyat hadisələrindən götürüldüyündən filmdə izlədiyiniz situasiya eynilə sizin həyatınızda hal-hazırda baş verməkdə olan bir situasiyanın eynisi ola bilər, bu anda baş qəhrəmanın etdikləri sizi əməlli-başlı ilhamlandıra(inspiration) və bu vəziyyətdə ən doğru addımı atmağınıza birbaşa yardımçı ola bilər, məsələn lap “The Pursuit of Happyness” filmi kimi. Filmlər bir çox durumlarda insanın stressdən azad olunmasına kömək olur. Bir sıra mövzu və janrlarda izlədiyiniz filmlər və orada rastlaşdığınız müxtəlif yaşantılar, situasiyalar, həmin anlarda baş qəhrəmanın etdikləri, onun təcrübələri sizin həyatda daha praktik bir insan olmağınıza birbaşa təsir edir. Daha çox film izlədiyiniz zaman sizdə müxtəlif ideayalar formalaşır ki bu da kreativliyinizə təsir edir. Və film izləmək həm də gözəl bir əyləncədir. Əylənək..:)

Sizə tövsiyə edəcəyim 5 film:

  1. Babel(2006)
  2. The Wolf of Wall Street(2013)
  3. Intouchables(2011)
  4. The Negotiator(1998)
  5. Changeling(2008)

3. Kitab oxuyun.

reading-a-book

Kitab oxumağı qida qəbul etmək və su içmək kimi təbii ehtiyacımıza çevirməliyik. Çünki kitab da daha önəmli olan mənəviyyatımızı qidalandırır, ruhumuzu zənginləşdirir. Bəs bunu necə formalaşdırmalı? Ancaq və ancaq müntəzəm şəkildə mütaliə etməklə! Belə ki siz müntəzəm olaraq kitab oxuduğunuz zaman bu artıq sizdə mənəvi bir ehtiyaca çevrilir, sanki kitab oxumayanda içinizdə bir boşluq yaranır, sanki nəsə çatışmır, nəsə qaydasında deyil. Həm də  ümumən müasir dünya ilə ayaqlaşmaq və şəxsi inkişaf üçün kitab oxumaq çox zəruridir. Bu kitablar müxtəlif səpgidə ola bilər istər ixtisas yönümlü, fərdi inkişaf yönümlü(bu istiqamətdə Deyl Karneginin “Dostları necə qazanmalı və insanlara təsir etməli” əsərini xüsusilə tövsiyə edirəm), müxtəlif bədii ədəbiyyatlar ola bilər, yetər ki oxuyun və bu sizdə bir vərdişə çevrilsin, mütaliə asılılığı yaransın sizdə. Əgər bu vərdişi özünüzdə formalaşdıra bilsəniz fərd olaraq necə inkişaf etdiyinizi mütləq şəkildə hiss edəcəksiniz, belə ki, nitqiniz daha qüsursuz olacaq, söz bazanız xeyli artacaq, sözləri daha effektiv və yerində işlədə biləcəksiniz, daha bədii və dolğun cümlələr quracaqsınız, bütün bunlar sizdə öz güvəni artıracaq və bir çox komplekslərdən azad olacaqsınız.

The more that you read, the more things you will know, the more you learn, the more places you will go.

4. Səyahət edin.

10-Common-Travel-Mistakes-You-Can-Avoid

Əbəs yerə deyilməyib ki, çox gəzən çox bilər. Səyahət etmək insanın dünya görüşünün daha da zənginləşməsinə birbaşa təsir edən faktordur. Amma səyahət etməyinizin faydası təbii ki təkcə bu deyil. Belə ki səyahət zamanı siz bir müddətlik də olsa gündəlik monoton həyatınızdan uzaqlaşmış olursunuz, ağır iş rejimi, əsəb, stress, bir çox digər problemlər qısa müddətə də olsa sizdən uzaqlaşır, bu da sizin mənəvi cəhətdən bir qədər rahatlaşmağınıza və enerji yığıb daha səylə və effektiv çalışmağınıza yardımçı olur. Özünüzlə baş-başa qalıb sakit bir mühitdə öz gələcək həyatınız və planlarınız barədə daha da yaxşı düşünmək şansı əldə edirsiniz. Səyahət etmək həm də yeni təcrübələr deməkdir, belə ki səyahət etdiyiniz ölkələrdə gördüyünüz müxtəlif mədəniyyətlər, müxtəlif həyat tərzi, müxtəlif baxışlar və.s sizə öz gündəlik həyatınızda, hərəkət və davranışlarınızda müəyyən dəyişikliklər etməyə və həyatınıza yeniliklər qatmağa yardımçı olur. Və ən əsası səyahət insan həyatında yadda qalan ən xoş xatirələrdəndir, bu anlar bir ömür insanın yaddaşına həkk olunur və bəzən səyahət zamanı yaşadığınız ən xoş xatirələr bir anlıq göz önündən keçərkən belə insan inanılmaz dərəcədə xoşbəxt dəqiqələr yaşayır.

I want to travel, because i want to make memories all over the world..:)

5. İdmanla məşğul olun.

b2bacd6f-d6d2-40d3-8584-b393de4cd7ee_560_420

İdmanın səhhətimizə və sağlamlığımıza müsbət təsirindən çox danışmayacam, sirr deyil ki idman sağlamlığın rəhnidir, sadəcə insan tənbəl məxluqdur. Yuxarıda qeyd etdiklərimdən dolayı idmanı da mütləq şəkildə həyatımızın ayrılmaz tərkib hissəsi etsək ümumən həyatımızı çox dolğun bir şəkildə komplektləşdirə bilərik. Müntəzəm şəkildə idmanla məşğul olmaq sizdə çox güclü bir xarakter formalaşdırır, iradənizi möhkəm edir, sizdə mübarizə ruhunu artırır, pes etməməyi öyrədir, məqsədli və planlı həyat tərzinə alışdırır, gücünüzə və imkanlarınıza inam yaradaraq sizi motivasiya edir. Müxtəlif idman növləri ilə məşğul olmaq olar maraq və həvəsə uyğun olaraq, amma önəmli olan bunu müntəzəm etməkdir. Ən primitiv olaraq səhərlər qaça və ya həftədə 1-2 dəfə futbol oynamaq da olar.

Sports do not build character. They reveal it. John Wooden, Legendary UCLA Basketball Coach.

Düşünürəm ki, qeyd olunanları öz həyatımıza ən doğru şəkildə cəlb edə bilsək sonda peşman olmağa və təəssüflənməyə çox az səbəbimiz olar..:)

Özünü kəşf et

Bugün gənclərin çoxu hansı ixtisası seçim və ya hansı peşənin sahibi olum deyə tərəddüd içindədirlər. Bu cür tərəddüdlər vaxtilə özümdə də olduğundan qərara gəldim ki bu istiqamətdə bəzi fikirlərimi sizlərlə paylaşım.

50262_46706043793_2764758_n

Öz hekayəm

Hələ orta məktəbdə oxuyarkən 9-cu sinifə qədər həkim olmağı ağlıma salmışdım, özü də daha dəqiq desək diş həkimi, bilmirəm kortəbii şəkildə, ya ətrafımdakıların həkimlik peşəsini tərifləməsindən dolayı, ümumiyyətlə həkimliyin prestijindən dolayı və.s. Lakin zaman keçdikcə və “mən nə istəyirəm?”, “mən kim olmaq istəyirəm?” sualını müntəzəm şəkildə özümə verdikcə beynimdə cürbəcür fikirlər dolaşırdı, orta məktəb vaxtı coğrafiyanı çox sevirdim, öz doğma, böyüyüb boya-başa çatdığım  Şirvan şəhərimdə coğrafiya üzrə bir çox yarışlarda, tədbirlərdə, müxtəlif olimpiadalarda iştirak etmişdim və uğur qazanmışdım, qısası coğrafiya fənnini çox sevirdim və bu istiqamətdə durmadan çalışırdım, orta məktəb dərsliklərindən əlavə bir çox ensklopediyalar, başqa dərclər, əlavə ədəbiyyatlar da oxuyurdum. Zaman keçdikcə coğrafiyaya olan həvəsim daha da artırdı və demək olar ki artıq özümü bu fənnə vermişdim, hətta digər fənlərə sərf edəcəyim vaxtdan da kəsib coğrafiyaya calıyardım.:) 9-cu sinifi bitirərkən həkimlik xülyası demək olar ki silinib getmişdi beynimdən, sadəcə coğrafiyaya olan sevgim var idi ağlımda və düşündüm ki bu sevgini qurban verə bilmərəm heç nəyə, elə o qərarla 10-cu sinifdən etibarən 2-ci ixtisas qrupuna hazırlaşmağa başladım və net bir şəkildə iqtisadçı olacağıma qərar verdim və hələ də olmağa çalışıram.:)

Ailə və mental dəyərlər

Heç kəsə sirr deyil ki, bizim cəmiyyətdə valideynlər övladlarının həyatına daha çox müdaxilə edir və bu müdaxilə uşağın ixtisas və peşə seçimininə gəldikdə daha da aktuallaşır. Öz həyatımda da yaşamışam bu təcrübəni, belə ki, mənim beynimdə iqtisadiyyat və həkimlik düşüncələri var-gəl edərkən valideynlərim hər vəchlə məni neft-qaz mühəndisliyi sahəsinə yönəlməyə təhrik edirdilər(“a bala neft ölkəsiyik də, neftdə pul var düşüncəsi”). Və bu amil fikirlərimi daha da qarışdırır və məni son nəticəyə gəlməkdən bir qədər də uzaqlaşdırırdı. Bu məsələdə də düşünürəm ki, ən önəmlisi övladın istək və həvəsinin ön planda olması və valideynlərin fikirlərini də ən doğru formada anlayıb sonda düzgün koordinasiya etməkdir. Bunun üçün düşünürəm ki övlad və valideyn çox yaxın bir dost münasibətində olmalıdırlar, bir-birlərini qarşılıqlı dinləməli və ən doğru varianta gəlməlidirlər, çünki bu bir övlad üçün həyati məsələdir, övladın peşə və ixtisası onun gələcək müqəddəratını təyin edir və deyim də var ki: “Xoşbəxtlik zövqlə gördüyün işdən aldığın uğurlu nəticədir.” Xoşbəxtlikdən mən bu sahəni sevdiyimi və bu sahə üzrə oxumaq, çalışmaq və inkişaf etmək istədiyimə valideynlərimi ikna edə bildim, düzdü bir az çətin oldu, onlar da əsəb və stress keçirtdi, mən də, amma içimdəki “enthusiasm” qalib gəldi hər şeyə.

Ümumi tövsiyələr

Dostlar, düşünürəm ki bu tip məsələlərdə birinci növbədə sizin nə istədiyiniz və hansı yolla gedəcəyiniz önəmlidir(mission və vision məsələsi). Mən bu istəyi təkcə müəyyən bir iqtisadi, tibbi və ya digər üzdə görünən peşə sahələri ilə məhdudlaşdırmıram. Bu sahə futbol da ola bilər və ya digər müxtəlif idman növləri, hərbi sahə ola bilər, əl işləri(toxuculuq, dərzi sənəti, dülgərlik və.s) və.s, yetər ki müvafiq sahəyə qarşı içinizdə böyük həvəs və istək (enthusiasm) olsun. Sevmədiyin işlə məşğul olmaq inanın bir nöqtədə bezdirir və tükəndirir insanı, çünki öz çalışmaq istədiyin sahə bir an da olsun ağlından getmir, özün sevmədiyin işdə, ağlın və ürəyin isə çalışmaq istədiyin işdə olur. Daha bir ən önəmli məsələ bu yolda məqsədli, planlı, dözümlü və iradəli olmaqdır. Hər bir sahədə çətinlik var, asan bir peşə yoxdur çünki, önəmli olan əzmkar olub həmin maneələri aşmaqdır, necə deyərlər, “heç vaxt təslim olma, çətin şeylər sadəcə zaman alır.”

Kobe Bryant(NBA tarixinin ən önəmli basketbolçularından biri)

Yəqin ki bu insanı tanımayan yoxdur, case olaraq bu insanı seçməyim də təsadüfi deyil, onun həyatına nəzər salsaq görərik ki, orta məktəbi əla nəticələrlə bitirir və ABŞ-ın ən məşhur Universitetlərindən birində ali təhsil almağa da başlıyır, ali təhsili dövründə də özünü ən yaxşı tərəfdən göstərir və bilik və savadına görə Universitetdə seçilmiş tələbələrdən olur, lakin paralel olaraq basketbolla da maraqlanır və Universitetin basketbol komandasına dəvət alır. O deyirdi: “Basketbol artıq mənim həyat tərzimə çevrilməyə başlamışdı, özümü basketbolda tapdım, dedim ki, mənim işim budur, mən bu işlə məşğul olmalıyam, gerisi isə yalnız hobbidir mənə görə.” Və bu amalla o Universitetin komandasında özünü ən yaxşı tərəfdən göstərir və oradan da NBA-ya seçilir. Basketbolçunun həyatı, təhsili və basketbol karyerası haqqında daha ətraflı aşağıdakı linkdən də məlumat ala bilərsiniz.

http://www.encyclopedia.com/topic/Kobe_Bryant.aspx

Xülasə

Sonda bildirmək istəyirəm ki, həqiqətən də hər insana nəsib olmur anında özünü kəşf etmək, çoxu daha gec yaşda bunu etməyə nail olur, ya  da elə sevmədiyi işlə məşğul olmaqla barışır. Ona görə də “right time evolution” üçün mütləqdir ki, özünüz haqqında, peşə və karyeranız haqqında vaxtında və səmərəli düşünün, nə istədiyinizi, öz imkanlarınızı, hədəflərinizi dəqiq müəyyən etməyə çalışın, bu istiqamətdə təlim və konsultasiyalara qatılın, peşəkarlardan məsləhət alın.

Hər kəsə öz sevdiyi işlə məşğul olmağı arzu edirəm, bu zaman sizə uğurlar arzulamağa da ehtiyac qalmır, çünki bu zaman uğur özü gəlir istənilən halda!

Hə, birdə gülümsəməyi unutmayın.:)