“Single & Solo” source anlayışları

Təchizat və ya satınalma şöbəsi olaraq fəaliyyətimiz zamanı bir çox mənbələrdən mal və ya xidmətlər alırıq. Lakin bəzən elə bir situasiya yaranır ki, biz müəyyən mal və ya xidmətləri tək və yeganə mənbədən(təchizatçı şirkətdən) almalı oluruq və yaxud da məqsədli şəkildə almaqda maraqlı oluruq. Bu növ alışlar təchizat sistemində Single və Solo source alışlar adlanır. Bir çoxlarımız bu anlayışları eyni bilirik və ya aralarında prinsipial bir fərqlərin olmadığını düşünürük. Amma sizlərə yaxşı(və yaxud da pis) xəbərim var bunlar əslində fərqli anlayışlardır. Bəs nədir Single və Solo sourcing? Aralarındakı fərqlər hansılardır?

srm-maize-blue

  • Single sourcing- Bu vəziyyətdə əslində sizin müəyyən məhsulu bir neçə təchizatçıdan almaq imkanlarınız var, yaxud da deyək ki, bu məhsulun bazarda bir neçə istehsalçısı var və sizə bir neçə mənbədən təqdim olunur. Lakin siz bir təchizatçı ilə daha yaxşı və sizə daha çox sərf edən biznes şərtləri və ya təklifləri əsasında razılaşıb həmin məhsulu məhz həmin şirkətdən almağa qərar verirsiniz. Burda prioritetlər fərqli ola bilər, məsələn şirkət sizə daha yaxşı texniki və kommersiya təklifləri verə bilər, təklif olunan qiymət sizi daha çox qane edə bilər, üstün servis xidmətləri ola bilər, təqdim olunan məhsul və ya xidmətin şirkətinizin fəaliyyət və keyfiyyət standartlarına uyğunluğu daha çox ola bilər. Həmçinin daha yaxşı xərc azaltma(cost cutting) imkanları vəd edə və digər strateji hədəflərinizə daha çox uyğun ola bilər. Məsələn, siz şirkətiniz üçün kompyuterləri sadəcə Toshiba firmasından alırsınızsa bu single sourcing-dir.

 

  • Solo sourcing- Bu halda isə sizin müəyyən məhsul alışı üçün bazarda seçim imkanlarınız məhduddur. Yəni “A” məhsulunun bazarda yeganə istehsalçısı və bazara təqdim edəni yalnız və yalnız “B” şirkətidir. Sizin fəaliyyətiniz zamanı əgər “A” məhsuluna tələbatınız yaranarsa onu “B” şirkətindən almağa məcbursunuz artıq, çünki bazarda başqa alternativ yoxdur. Bu tip bazarlar satıcı şirkətlərin bazarı hesab olunur və əksər hallarda monopol bazarlardır. Bu cür hallarda təchizat( və ya satınalma) mütəxəssisinin qiymət, keyfiyyət, funksionallıq və digər baxımından təchizatçı şirkətə təsir etmək imkanları çox-çox aşağı olur. Və danışıqlarda, ümumi şərtlərdə diqtə edən tərəf hər baxımdan təchizatçı şirkət olur.

Ümumiyyətlə, həm nəzəriyyədə, həm də praktikada single və solo sourcing-dən mümkün qədər yayınmaq tövsiyə edilir. Düzdür, bəzən şirkətlər bazar şərtlərinə görə solo sourcing-ə getməyə məcbur olurlar, lakin single sourcing-dən yayınmaq mümkündür və tövsiyə ediləndir. Çünki bazar daim dəyişir, inkişaf edir, yeni trendlər daxil olur bazara və elə bir şirkətlər olur ki, bizə daha yaxşı və effektiv təkliflər edə bilərlər. Bu şirkətlər müəyyən məhsul və ya xidmət kateqoriyalarına görə bir neçə də ola bilər. Bu halda biz rəqabətli bir tender həyata keçirərək bütün təkliflərlə tanış ola və müəyyən prioritetlərimizə görə ən üstün təchizatçı şirkəti seçə bilərik. Bundan başqa korrupsiyadan, fraud-lardan da yayınmış olarıq, bildiyimiz kimi, single source məsələlərində fraud halları daha çox olur. Yəni nəticə olaraq qeyd etməkdə fayda var ki, biz təchizat şöbəsi olaraq tək mənbəli alışlara meyl etməməliyik və daima bir və ya bir neçə alış alternativlərimiz olmalıdır.

“Kobra effekti”

Yəqin ki, bir çoxumuz istər iş həyatında olsun, istərsə də həyatımızın müxtəlif əsas aspektlərində çətin situasiyalara düşürük. Bəzən nəqədər baş sındırsaq da düşdüyümüz vəziyyətdən çıxa bilmirik, nəhayət ya birtəhər vəziyyətdən çıxa bilirik, ya da ki, necə deyərlər, “qaş düzəltmək əvəzinə göz çıxardırıq”. Vəziyyətdən çıxa bilənlərə halaldır, onlara sözüm yox, amma bu dəfəki yazımın mövzusu həmin o qaş düzəltməyə çalışarkən göz çıxardanlardır. Bir neçə araşdırmadan sonra müəyyən etdim ki, bizim bu el məsəlinin iqtisadiyyatda, biznesdə, siyasətdə və ya digər istiqamətlərdə təzahür olunmuş forması da var. Bunun adı kobra effektidir.

indiancobra

Kobra effekti-Mövcud problemə verilmiş həll yolu ilə problemi yüngülləşdirmək və ya həll etmək əvəzinə situasiyanı daha da qəlizləşdirmək və ya ümumi durumu daha da pisləşdirməkdir. Bu daha çox nəticəyə təsir edəcək bütün amillərin düzgün hesablanmaması və ya nəzarət olunmayan, fikirdən yayınmış digər aspektlərin diqqətə alınmaması zamanı baş verir. Həm də bir çox hallarda biz sadəcə düşdüyümüz çətin durumdan çıxmaq üçün həmin duruma görə həll yolu axtarırıq(event-based solution), məsələnin sonrası necə olacaq və hansı başqa təsirlər ola biləcəyini düşünmürük. Bəs niyə görə məhz kobra? Kobra hara, problem hara, qaş düzəltmək əvəzinə göz çıxartmaq hara. Əminəm ki, sizdə də belə bir fikir yarandı. Elə isə məsələni bir az da açıqlayaq.

Kobra effekti anlayışı ilk dəfə Britaniyanın Hindistanı müstəmləkə altında saxladığı illər dövründə(koloniyalar dövrü) yaranmışdır. http://www.historyhome.co.uk/c-eight/india/india.htm. Belə ki, Britaniya hökuməti Hindistan ərazilərini işğal edərkən bu ərazilərdə xeyli ilan və əsas da çox təhlükəli kobra növlərinə rast gəlir. Bir çox Britaniya əsgəri kobra sancmasından həyatını itirir. Problem artıq xeyli ciddiləşir və Britaniya hokuməti çıxış yolları düşünməyə başlayır. Hökumət qərara gəlir ki, hər ölü kobra üçün mükafat təsis etsin və hər ölü kobra gətirən hindistanlıya bu mükafat təqdim olunsun. Və bu yolla da kobraların sayını azaltmış olsun. İlk baxışdan effektiv strategiya kimi görünən bu üsul əks effekt verir. Kobralardan yaxşı gəlir götürdüklərini görən hindistanlılar kobraları tutub özləri bəsləyib və çoxaldıb sonra onları az-az öldürərək Britaniya hökumətinə təqdim etməyə başladılar. Və beləcə Britaniya hökuməti həm maddi baxımdan xeyli zərər etmiş, həm də əsas problem olan ilanların sayını azaltmaq əvəzinə daha da artırmış oldu. Hökumət bundan xəbər tutduqda bu işlə məşğul olanları öldürdü və bir müddət sonra bu kompaniyanı tamamilə dayandırdı.

Kobra effekti həyatımızın bir çox anlarında qarşılaşdığımız bir vəziyyətdir. Ona görə də maksimum dərəcədə çalışıb bir məsələ barədə qərar verərkən və ya bir işi icra edərkən bütün amilləri dəqiq analiz etməli, əks təsirləri mütləq şəkildə nəzərə almalıyıq ki, sonda həmin o kobralar bizim özümüzü sancmasın. 🙂

Tarixdə və təcrübələrdə bu tip hadisələr çox olmuşdur. Daha ətraflı məlumat üçün bax: https://en.wikipedia.org/wiki/Cobra_effect