“Single & Solo” source anlayışları

Təchizat və ya satınalma şöbəsi olaraq fəaliyyətimiz zamanı bir çox mənbələrdən mal və ya xidmətlər alırıq. Lakin bəzən elə bir situasiya yaranır ki, biz müəyyən mal və ya xidmətləri tək və yeganə mənbədən(təchizatçı şirkətdən) almalı oluruq və yaxud da məqsədli şəkildə almaqda maraqlı oluruq. Bu növ alışlar təchizat sistemində Single və Solo source alışlar adlanır. Bir çoxlarımız bu anlayışları eyni bilirik və ya aralarında prinsipial bir fərqlərin olmadığını düşünürük. Amma sizlərə yaxşı(və yaxud da pis) xəbərim var bunlar əslində fərqli anlayışlardır. Bəs nədir Single və Solo sourcing? Aralarındakı fərqlər hansılardır?

srm-maize-blue

  • Single sourcing- Bu vəziyyətdə əslində sizin müəyyən məhsulu bir neçə təchizatçıdan almaq imkanlarınız var, yaxud da deyək ki, bu məhsulun bazarda bir neçə istehsalçısı var və sizə bir neçə mənbədən təqdim olunur. Lakin siz bir təchizatçı ilə daha yaxşı və sizə daha çox sərf edən biznes şərtləri və ya təklifləri əsasında razılaşıb həmin məhsulu məhz həmin şirkətdən almağa qərar verirsiniz. Burda prioritetlər fərqli ola bilər, məsələn şirkət sizə daha yaxşı texniki və kommersiya təklifləri verə bilər, təklif olunan qiymət sizi daha çox qane edə bilər, üstün servis xidmətləri ola bilər, təqdim olunan məhsul və ya xidmətin şirkətinizin fəaliyyət və keyfiyyət standartlarına uyğunluğu daha çox ola bilər. Həmçinin daha yaxşı xərc azaltma(cost cutting) imkanları vəd edə və digər strateji hədəflərinizə daha çox uyğun ola bilər. Məsələn, siz şirkətiniz üçün kompyuterləri sadəcə Toshiba firmasından alırsınızsa bu single sourcing-dir.

 

  • Solo sourcing- Bu halda isə sizin müəyyən məhsul alışı üçün bazarda seçim imkanlarınız məhduddur. Yəni “A” məhsulunun bazarda yeganə istehsalçısı və bazara təqdim edəni yalnız və yalnız “B” şirkətidir. Sizin fəaliyyətiniz zamanı əgər “A” məhsuluna tələbatınız yaranarsa onu “B” şirkətindən almağa məcbursunuz artıq, çünki bazarda başqa alternativ yoxdur. Bu tip bazarlar satıcı şirkətlərin bazarı hesab olunur və əksər hallarda monopol bazarlardır. Bu cür hallarda təchizat( və ya satınalma) mütəxəssisinin qiymət, keyfiyyət, funksionallıq və digər baxımından təchizatçı şirkətə təsir etmək imkanları çox-çox aşağı olur. Və danışıqlarda, ümumi şərtlərdə diqtə edən tərəf hər baxımdan təchizatçı şirkət olur.

Ümumiyyətlə, həm nəzəriyyədə, həm də praktikada single və solo sourcing-dən mümkün qədər yayınmaq tövsiyə edilir. Düzdür, bəzən şirkətlər bazar şərtlərinə görə solo sourcing-ə getməyə məcbur olurlar, lakin single sourcing-dən yayınmaq mümkündür və tövsiyə ediləndir. Çünki bazar daim dəyişir, inkişaf edir, yeni trendlər daxil olur bazara və elə bir şirkətlər olur ki, bizə daha yaxşı və effektiv təkliflər edə bilərlər. Bu şirkətlər müəyyən məhsul və ya xidmət kateqoriyalarına görə bir neçə də ola bilər. Bu halda biz rəqabətli bir tender həyata keçirərək bütün təkliflərlə tanış ola və müəyyən prioritetlərimizə görə ən üstün təchizatçı şirkəti seçə bilərik. Bundan başqa korrupsiyadan, fraud-lardan da yayınmış olarıq, bildiyimiz kimi, single source məsələlərində fraud halları daha çox olur. Yəni nəticə olaraq qeyd etməkdə fayda var ki, biz təchizat şöbəsi olaraq tək mənbəli alışlara meyl etməməliyik və daima bir və ya bir neçə alış alternativlərimiz olmalıdır.

Ənənəvi və Strateji satınalma

Bir çox sahələrdə olduğu kimi satınalma və təchizat istiqaməti üzrə də prosesin icra edilməsinin ənənəvi və strateji tipi vardır. Satınalma prosesini də həm ənənəvi, yəni daha bəsit və eyni istiqamətli, kifayət qədər araşdırma etmədən, işin daha da bətninə enmədən və eyni zamanda da daha dəqiq, işin ən xırda detallarına enərək, dolğun bir araşdırma edərək, konkret strategiyalarla həyata keçirmək olar. Yazı da əsas məqsədim ənənəvi və strateji satınalmanın müqayisəsini aparmaq, üstünlük və çatışmazlıqları göstərməkdir. Getdik..:)

AAEAAQAAAAAAAALfAAAAJDE5Mzg2MTU4LWU4OGItNDRiYS1hYjcxLTU2ZjZjNGUwMzY0Mw

  1. Ənənəvi satınalma sadəcə biznesdə müəyyən bir ehtiyac və ya tələb yaranarkən onun qarşılanması və məhsulun çatdırılması ilə bitir, yəni davamlı olaraq prosesin təkmilləşdirilməsi, keyfiyyətin yüksəldilməsi məsələlərinə bir o qədər də meylli deyildir. Strateji satınalmada isə proses bir qədər çoxşaxəli olur, yəni tələb olunan məhsulun təmin olunması ilə bərabər daim araşdırma və inkişaf yönlü olur, xərclərin səmərəli və effektiv formada azaldılması, keyfiyyətin artırılması, təchizatçı firmalarla effektiv partnyorluq əlaqələrinin formalaşdırılması və.s istiqamətli strategiyalarla şirkət üçün rentabelliyin təmin olunması və sonucda şirkətdə bir dəyər yaradılmasına(value chain) əsaslanır.
  2. Ənənəvi satınalmada proses rutin olduğundan xüsusi bir taktika və metodlardan istifadə olunmur, ona görə də hər tələbə və ya sifarişə xüsusi yanaşma və xüsusi strategiyalar olmur, strateji satınalma isə tələbin bütün detallarının xırdalıqlarına kimi incələnməsi və ən doğru məhsulun, ən doğru zamanda, ən doğru qiymətə və ən doğru keyfiyyətdə təmin olunmasına fokuslanır.
  3. Ənənəvi satınalmada proses başa çatdıqdan sonra ümumi satınalma fəaliyyətinin dəyərləndirilməsi daha çox manual qaydada, yəni mütəxəssislərin rəyi və ya gözəyarı keyfiyyət standartları ilə aparılır, strateji satınalmada isə prosesin effektivliyi və qoyulan məqsədlərə hansı səviyyədə çatıldığını ölçmək üçün konkret KPİ(Key Performance İndicator)-lar və ya Benchmark standartlarından istifadə olunur.
  4. Ənənəvi satınalma bazardan daha ucuz məhsulun tapılması və təmin olunmasına daha çox fokuslanır, strateji satınalmada isə əsas məqsəd uyğun qiymətlə bərabər həmçinin uyğun təchizatçılarla uzun müddətli əlaqələrin qurulması, təchizatçıların daim yeni və rəqabət qabiliyyətli məhsul istehsalına təşviqi və bununla da gələcəkdə yaranmış olacaq tələb dəyişkənliklərinə hazır olmaqdır.
  5. Ənənəvi satınalma xərclərin azaldılmasında təchizatçılardan müntəzəm endirimlərin alınmasına, bəzən onların qiymət barəsində sıxılmasına daha çox əsaslanır, halbuki biz bilirik ki, çalışdığımız təchizatçılara necə yanaşırıqsa, onlar da bizə hər baxımdan o cür yanaşacaq, yəni endirim istənilərkən bu biznes etikası çərçivəsində, hər iki tərəfin imkanları nəzərə alınaraq edilməlidir, strateji satınalmada isə xərclərin azaldılmasına daha əhatəli baxış həyata keçirilir, belə ki bir təchizatçı ilə iş birliyinə başlamazdan əvvəl onunla görüləcək ümumi işin dəyəri dəqiqliklə hesablanır, buraya məhsulun keyfiyyət kriteriyaları, çatdırılma şərtləri, sifarişin yerinə yetirilmə vaxtı(lead time) və ümumən satınalma prosesinin administrasiyası daxildir.
  6. Keyfiyyətə yanaşma baxımından ənənəvi satınalma daha çox qiymətə həssas olduğundan bəzən tələbin qarşılanması zamanı keyfiyyət kriteriyalarından kənarlaşmalar ola bilər, strateji satınalma həyata keçirən mütəxəssislər isə əvvəlcədən təchizatçı şirkət qarşısında öz dəqiq ölçü meyarlarını və keyfiyyət standartlarını təyin edirlər, buna görə də əvvəlcədən təyin olunmuş keyfiyyət standartlarından yayınma halları çox az olur və uzun müddətli partnyorluq qurulduğundan keyfiyyət standartlarında daim yenilənmələr və inkişaf olur.
  7. Dəyər yaratmaq məsələsinə gəldikdə isə ənənəvi satınalma uyğun keyfiyyətdə, uyğun qiymətdə məhsul təmin olunduğunda artıq yeni texnologiyalara, innovasiyalara bir o qədər də meylli deyildir, strateji satınalmada isə qoyulmuş keyfiyyət standartları əsasında təchizatçıdan gələn yeni və innovativ təkliflərə(e-procurement, e-tendering və.s)  açıqlıq var, belə ki, innovasiyalar və yeni metodlar şirkətə nisbətən baha başa gəlsə də, ümumi biznes proseslərinin daha da optimallaşdırılmasına və zaman, keyfiyyət, davamlılıq kimi üstünlüklər qazanıldığından bazarda digər şirkətlər qarşısında rəqabət qabiliyyətliliyin qazanılmasına gətirib çıxarır.
  8. Əlaqələrin qurulması və səmərəli şəkildə idarə edilməsi baxımından ənənəvi satınalmada əgər hər hansı bir təchizatçıdan uyğun qiymət və ya endirim əldə oluna bilmirsə, artıq müxtəlif yeni təchizatçıların axtarışına, onların dəyərləndirilməsinə, lazımi məlumatların toplanılmasına başlanılır və ümumi təchizatçı sayı artdığından satınalma prosesində bir qarışıqlıq(complexity of purchasing) yaranır, eyni zamanda xeyli vaxt itkisi, risklərin və administrativ işlərin artması müşahidə olunur. Strateji satınalmada isə uyğun təchizatçılarla əsas etibarilə uzun müddətli müqavilələr imzalanır və uzun müddətli partnyorluq prioritetdir. Bu halda satınalma prosesi və sifarişlərin idarəedilməsi nisbətən sadələşir və administrativ xərclərə və administrativ işlərin həyata keçirilməsinə ayrılacaq zaman da azalır, bu eyni zamanda stabillik və yaxşı partnyorluq əlaqələri qurulduğundan daim ümumi xərclərə yenidən baxmağa və optimizasiyaya şərait yaradır.
  9. Şirkət mənfəətinə təsir imkanları baxımından da strateji satınalma ən azı bir addım öndədir, belə ki strateji satınalmada xərclərə daha sistematik və ümumi biznes proseslərinin optimallaşdırılması nöqteyi-nəzərindən baxıldığından daha çox qənaət etmək və mənfəətliliyə nail olmaq olar.
  10. Təchizat zənciri boyunca yaranacaq risklərə təsir etmək və ya onlardan yayınmaq baxımından da strateji təchizat çox əhəmiyyətlidir, belə ki, xərclənəcək hər 1 dolların analizi, hər bir seqment üzrə təchizatçıların həm keyfiyyət, həm onun imkanları(maliyyə və ya digər), partnyorluq qurulacaq şirkətin ümumi korporativ vəziyyəti və bazarda tutduğu mövqeyi ətraflı şəkildə araşdırıldığına görə riskləri aşkarlamaq və vaxtında onlardan yayınmaq imkanları xeyli artır.

Əziz oxucular, bəs siz hansı fərqləri və üstünlükləri görürsünüz? Fikirlərinizi şərhlərdə qeyd edin.

Tam zamanında istehsal fəlsəfəsi(Just in time manufacturing)

Yapon şirkətləri, 1973-ci ilin neft böhranı sonrasında düçar olduqları krizisdən xilas olmaq və düşən mənfəət səviyyəsini yüksəltmək məqsədilə, yeni üsul axtarışlarına başladılar. Bu cəhdlər nəticəsində TOYOTA firmasının inkişaf etdirdiyi Tam Zamanında İstehsal (Just In Time) meydana gəldi. Bu sistem, müxtəlif istehlakçı istəkləri və davamlı artan beynəlxalq rəqabət şəraitində təkmilləşdirildi. Hal-hazırda bu sistem, bütün sənaye şirkətlərinin tətbiqi hədəflədiyi bir model halına gəldi.

Xülasə, bu sistemin yaranması, tarixi, inkişaf mərhələləri haqqında uzun-uzadı yazmayacam, daha çox mahiyyəti və əsas prinsipləri haqqında ümumi məlumat verməyə çalışacağam.

Müxtəlif formada tətbiqlər əsasında Tam Zamanında İstehsal (JIT) sisteminə müxtəlif təriflər gətirilə bilər. Bu təriflərin bəziləri, sistemi yalnız ehtiyatların azaldılması ilə məhdudlaşdırır. Halbuki, JIT bundan daha geniş və əhatəlidir. Yalnız istehsalla əlaqədar fəaliyyətlərdə deyil, vəsait təmin olunmasından yığıma, təmir-baxımdan mühəndislik dizaynına, satışdan üst rəhbərliyə qədər istehsal sisteminin digər sahələrinə də təsirini göstərir. Çünki JIT, bütün sistemdəki zaman və baza itkilərinin qarşısının alınması və yox edilməsi yolu ilə iş məhsuldarlığını əhəmiyyətli dərəcədə və davamlı yaxşılaşdırmağı məqsəd qoyan bir strategiyadır. Qısası, JIT fəlsəfəsi, bütün vahidlərin iştirakı ilə ən az və ya optimallaşdırılmış xərclərlə ən yüksək müştəri məmnuniyyətini təmin edəcək davamlı təkmilləşdirməni məqsəd qoyan bir strategiyadır.

Ənənəvi “nə istehsal edirəmsə onu da satacam”yanaşmasında deyil,”Satdığını istehsal et” şəklində qurulan bu sistemin işləməsində məhsul və ya yarımfabrikat vəsaitdən ibarət olan gərəksiz ehtiyatlar ortadan qalxır. Stoksuz istehsal və ya “0” ehtiyat kimi adlarla da tanınan  JIT, bütün istehsal ehtiyatlarının optimal istifadəsi prinsipinə əsaslanır. Stoklar tam sıfır və ya yox səviyyəsində olmasa da, ənənəvi istehsal yanaşması ilə müqayisədə sıfır səviyyəsindədir və birbaşa sifarişlərə əsaslanır, yəni sifariş miqdarları effektiv və dəqiq şəkildə planlanır və istehsal xətti sifarişlərə uyğun bir şəkildə qurulur. Bu sistemdə kapital, avadanlıq və əmək kimi ünsürlər, ən uyğun zamanda və effektiv istifadə edilir. Müştərinin keyfiyyət və çatdırılma mövzusundakı ehtiyaclarının ən aşağı xərclərlə qarşılandığı bir sistemin davamlı inkişaf etdirilməsi əsas məqsəddir.

maxresdefault

JIT’in üç təməl prinsipi:

1 – İsraf və maneələri aradan qaldırmaq.

2 – Ümumi keyfiyyətə nəzarət.

3 –  İşçilərin fəaliyyət siyasətidir.

Bundan başqa sistemə aid bəzi digər nüansları da qeyd etməkdə fayda var:

1 – Məhsul dizaynı mərhələsində yaşanan istehsal problemlərini nəzərə alaraq, mükəmməl bir icra və məhsul dizaynı kəsişmələrini təmin etmək.

2 – Xammalın qəbulunun zamanında olmasını təmin edəcək iş əlaqələrini təmin etmək.

3 – İrəli fikirlilik, gələcəkdə nələr ola biləcəyini proqnozlaşdırma.

4 – Kanban metodunu istifadə etmək.(Metod haqqında ətraflı linkdə:Kanban system)

5 – Tələb-təklif tarazlığına görə məhsul istehsalının vaxtını və sifarişin hazırlıq mərhələsinin dəqiq təyini.

6 – Təsirli bir çarx sistemini, yəni xammal və vəsaitdən məhsula çatan çarx sistemini daha sürətli və təsirli olaraq təmin etmək.

7 – İş mərkəzləri arasında uyğunluğun təmin edilməsi.

8 – Satınalma və istehsalın kiçik miqdarlarda edilməsi.

9- İnvestisiya və əlverişsiz iş mühitindən sürətli bir eniş, malın istehsalı və sonra satışında gözlətmə zamanı az olacağından çox yerə ehtiyacı olmaması.

10- Malın keyfiyyəti artar və tullantı xərcləri azalar. Tullantıların xərclərinin düşməsinin səbəbi isə az miqdarda istehsal olacağından, ediləcək bir səhvdə tullantı da az olacaq.

11-Birdən çox bacarığı olan və elastiki qabiliyyətə sahib işçilər.

12-Biryerdə iş sayəsində isə işçilər bir-birlərini görər, işlərini tanıyar, bir-birlərinə kömək edər, ünsiyyət sürətlənər. Bunlar da komanda işinin əsaslarındandır.

13-Sürətli, mütənasib, daha təsirli təsis qurma və nizamlamalar.

JIT-in əsasları müvəffəqiyyətlə bir çox şirkətlərdə istifadə edilmişdir. Şirkətlət bu metod sayəsində dünya standartlarında rəqabətlə ayaqlaşmağı bacarıb.

Məsələn, satış-istehsal inteqrasiyasını reallaşdırmış olan TOYOTA firması müştərilərinə satın alacaqları avtomobillərin bir çox xüsusiyyətini öncədən təyin edib sifariş etmə imkanı verir. Dell şirkəti də belə şirkətlərə misal ola bilər, belə ki, siz şirkətin saytına daxil olub orda müvafiq bölmələrdən istədiyiniz parametr və göstəricilərdə spesifik kompyuterlər yığa və şirkətə elektron formada sifariş verə bilərsiniz ki, Dell şirkəti də bütün fəaliyyətinin bazasını bu sifarişlər üzərində qurmuşdur və stoklar minimum səviyyədədir, yalnız sifarişlər planlandıqdan sonra müvafiq növdə və parametrdə kompyuterlərin istehsalına start verilir(yəni artıq istehsal olunmadan satılmış kompyuterlərin).

 

 

Təchizat bir zəncirdirsə halqaları möhkəm olsun gərək

Dostlar, çoxdandır məni düşündürən bir məsələ haqqında sizlərlə bəzi fikirlərimi bölüşmək istərdim. Çox sevindirici haldır ki, ölkədə biznes baxımından ana dilimizdə bir çox yeni kitablar dərc olunur, materiallar və müəyyən dərgilər çap olunur, sosial şəbəkələrdə çox böyük gücə malik qruplar və səhifələr yaradılır və effektiv şəkildə fəaliyyət göstərirlər. Lakin bütöv bir şəkildə deyil, ayrılıqda biznes vahidləri kimi yanaşdıqda və sahələr üzrə araşdırdıqda görərik ki, bu qeyd etdiklərim daha çox Marketing, Satış və qismən də İnsan Resurslarının İdarəedilməsi(HR) sahələri üzrədir. Və bunları edən qeyd etdiyim sahələrdə ixtisaslaşmış şirkət nümayəndələri və müxtəlif peşəkarlardır, öz şirkətləri ilə bərabər ölkəyə, millətə də faydalı olmağa çalışırlar. Eşq olsun! Hər biriniz dəyərlisiniz! Bir daha qeyd edirəm ki, çox sevinirəm buna görə, çünki bunlar hamsı vahid məqsədə yəni ölkədə biznesin inkişafına yönəlmiş addımlardır. Lakin bütün bunlarla yanaşı, məni narahat edən və bu yazını yazmağa vadar edən bir məsələ var. Məsələ ondan ibarətdir ki, bir çox dünya ölkələrində ən azı marketinq, satış və insan resurslarının idarəedilməsi qədər önəmli və aktual sahə hesab edilən təchizat zəncirinin idarəedilməsi sahəsi üzrə yuxarıda qeyd etdiyim hallar müşahidə olunmur təəssüf ki. Sanki heç bu sahə mövcud deyil, amma biznes və iş dünyası ilə birbaşa əlaqəli olan hər kəs təsdiqləyə bilər ki, təchizat şirkətin olmazsa olmazlarındandır, çünki ən azından şirkətlərdəki proseslərin(istehsalat, mübadilə, satış və.s) davamlılığı, inkişafı, fasiləsizliyi birbaşa effektiv təchizat zənciri idarəetməsindən keçir. Misal olaraq Zara, Walmart, Toyota, FedEx, Dell və.s kimi şirkətlərin uğur mənbəyi birbaşa olaraq effektiv təchizat zənciri sisteminə bağlıdır. Əlavə olaraq rentabelli çalışmanın əsas halqasıdır, bu səbəbdən də təchizat zəncirinin optimallaşdırılması mənfəətliliyi artırmaq və xərcləri azaltmaq üçün ən mühüm tapşırıq hesab olunur. Bundan başqa məşhur bir deyim də var ki, təchizatda qənaət olunan 1 dollar şirkətin mənfəətində qənaət olunacaq 1 dollar deməkdir. Bu deyim sahənin əhəmiyyətindən və vacibliyindən uzun-uzadı danışmağa lüzum qoymur artıq düşünürəm. Qısası, şirkətlər üçün çox strateji bir sahədir hər baxımdan.

AAEAAQAAAAAAAARUAAAAJGVhYzNkYjIyLTRiYmItNDVlNy04MGVhLTJjYzJmZDM5OWQ2Mw

Nəysə..Çalışacam ölkəmiz baxımından bu sahədə(təchizatın idarəedilməsi) gördüyüm inkişafa mane olan problemləri və bugünki bu durumu öz prizmamdan şərh edim:

Təlim-tədris problemləri

Təəssüf ki, bugün təhsil ocaqlarımızda Təchizatın idarəedilməsi(SCM & Logistics) üzrə dərslər demək olar ki, yox səviyyəsindədir, Qafqaz Universitetində magistr təhsilim zamanı Əməliyyatların idarəedilməsi(Operations managment) dərsi keçilirdi və sadəcə o dərsdə müəyyən qədər toxunulurdu təchizat sisteminə(SCM-Supply Chain Managment). Sənaye mühəndisliyi fakültəsində də müəyyən qədər(az bir səviyyədə) toxunulur bu sahəyə. Digər təhsil ocaqlarında isə bu baxımdan vəziyyət daha acınacaqlıdır. İnandırım sizi ki nəinki fakultələrdə dərs keçiləcək, hətta ayrıca bir fakultə kimi tədris olunacaq qədər geniş və çox əhəmiyyətli sahədir. Təlimlər isə əksəriyyəti korporativ istiqamətdədir(b2b), tələbə kontingenti üçün xüsusi təlimlər və ya sahənin inkişafı və geniş hədəf kütləyə aşılanması istiqamətində digər sosial layihələr yox səviyyəsindədir. Son dönəmlərdə Supply Chain Academy-ni qeyd edə bilərəm sadəcə.

Ana dilində resurs və materialların yoxluğu

Fikir vermişəm məsələn bir sahə üzrə doğma dilimizdə materiallar çoxaldıqca o sahəyə həvəs və meyl xeyli artır, yəni nəticədə insanlar bir sahəni hardasa daha yaxşı dərk edib özünküləşdirə bilir. Paralel olaraq digər dillərdə olan materiallardan da yararlanıb öz ədəbiyyatlarımızla əlaqələndirdikdə çox gözəl nəticələr çıxır ortaya.

Doğru zamanda,doğru yerə,doğru insan(3R) problemi

Bu amil bir çox sahələrdə var, sözümün canı odur ki, məsələn bəzən marketinq mütəxəssisi vəzifəsinə sosiologiya, psixologiya bitirən, qlamur həyat tərzi keçirən biri gətirilir, adam ofisdə oturub marketerlik edir, bir dəfə də olsun Sədərək bazarına baş vurmur, düşünmürəm ki marketinq ofisdə olsun, inandırım sizi ki, belə tiplər 09:00-18:00-ə qədər vaxt keçirib evə qaçmaqda maraqlıdırlar, ölkə səviyyəsində sahənin inkişafına töhfə vermək onların ağlının ucundan belə keçmir. Və yaxud da insan resursları üzrə mütəxəssis vəzifəsinə ibtidai sinif müəllimliyini bitirmiş və əslində kargüzar işi görən biri gətirilir ki, bu adamın işi ay sonu tabel hesablayıb mühasibatlığa verməklə bitir(bu məsələ dərin məsələdir HR baxımından,ona görə əsas məsələdən yayınmamaq üçün çox dərinə getmirəm) və inanmıram ki bu tip də sahənin inkişafında maraqlı olsun, istisnalar çox az da olsa bəlkə də var. Bu vəziyyət təchizatın idarəedilməsi baxımından daha da acınacaqlıdır, belə ki bir çox hallarda xarici dillər və ya digər müəllimlik və dil ixtisasları üzrə təhsil almış, sadəcə dil bilikləri olduğuna görə işə alınan və məcburiyyət qarşısında qalıb işliyən, SCM nəzəriyyəsindən xəbəri olmayan, iş dönəmində prosedurları öyrənib sadəcə işini yola verib 18:00-a kimi saatları sayan biriləri də inanmıram ki sahənin inkişafında, öyrənib öyrətməydə maraqlı olsun. Yəni bu punktdakı problemlər əsas etibarilə qeyri-effektiv HR sistemi və yararsız(“Azərbaycansayağı”) idarəetmə sistemi ilə bağlıdır.

İş yükü məsələsi

Bəzən mən bu məsələ barədə danışanda mənə bildirirlər ki, təchizatçıların iş yükü və məsuliyyəti daha çoxdur deyə onlar sosial şəbəkələrdə kifayət qədər vaxt keçirə bilmirlər və əlavə təlim-tədris layihələri üçün də vaxtları olmur. Məsuliyyət barəsində razıyam, söz yox, amma inandırım sizi ki, digər sahələrdə(Marketing, Satış, İRİ, Maliyyə-mühasibatlıq) də iş yükü az deyil və düşünürəm ki, işinə peşəkar yanaşıb, öz vəzifə və öhdəliklərini tam dəqiqliklə və 4-ün 4-ə yerinə yetirən istənilən mütəxəssisin iş yükü həmişə çoxdur, biznes sahəsindən və vəzifəsindən asılı olmayaraq. İş yükü məsələsində hər sahədə qarma qarışıqlıq var əslində, məsələn necə ki, marketinqə şirkətlərdə satış şöbəsinin də işini gördürürlərsə, eləcə də Təchizat və satınalma şöbəsi adı altında bütün təchizatın idarəedilməsini, anbarın, stokların idarəedilməsini, logistika, yükdaşımaları 2 və ya 3 işçiyə gördürürlər, təəssüf ki bu var, amma qeyd etdiyim kimi hər sahədə var bu məsələ ölkəmizdə.

Peşəkarların kifayət qədər sosial aktiv olmaması

Sosial şəbəkələrdə aktiv biriyəm və bacardığım qədəri ilə biznes dünyasını hərtərəfli şəkildə izləməyə çalışıram və deyə bilərəm ki bəhs etdiyim sahənin adamları Marketoloqlar və HR-lar kimi aktiv deyillər sosial şəbəkələrdə, halbuki bildiyimiz kimi ən böyük layihələrin hədəf kütləsi məhz sosial şəbəkədən formalaşır və geniş bir kütləyə yetişmək imkanları var. Mən əminəm ki, ölkəmizdə bu sahənin də(təchizatın idarəedilməsi) peşəkarları çoxdur, amma ya bildiklərini bir o qədər də paylaşmaq, öyrədib öyrənmək istəmirlər, ya müəyyən kompleksləri var, ya onları hər şey qane edir, başlarını ağrıtmaq istəmirlər, ya da ki bəlkə də mənim bilmədiyim başqa nələrsə var. Görünən odur ki, bu sahə bir qədər arxa planda qalıb hal-hazırda, gənclərə, tələbə kontingentinə sahənin əhəmiyyəti aşılanmır, onlar bu sahəyə təşviq olunmur, sosial proyektlər çox azdır.

Xülasə

Mən düşünürəm ki, bir sahənin əhəmiyyətli dərəcədə inkişafı və ölkə miqyasında geniş yayılması həmin sahənin peşəkarlarından və onların bu sahəyə vermiş olduqları və ya verəcəkləri töhfədən birbaşa asılıdır. Məsələn, kim nə desə də, mən əminliklə deyirəm ki, ölkəmiz baxımından 13-14 yaşı olan marketinq bugün çox inkişaf edib ölkəmizdə və sanmıram ki, burda əlavə dəstək və ya xüsusi yardım fondu filan rol oynadı, xeyr bu birbaşa bu sahənin peşəkarlarının alın təri hesabına, onların zəhməti və öz töhfələrini əsirgəməməsi hesabına baş verib.

Əziz təchizatçılar, logistiklər, kolleqalar, sizləri bir araya gəlib daha yaxşı bir şəkildə sosial platformalarda geniş şəkildə networkingə, sahə üzrə problemləri ortaya qoyub onlar ətrafında müzakirə etməyə, təlim-tədris məsələlərində aktivliyə, bildiklərinizi paylaşıb həm öyrənməyə, həm də öyrətməyə çağırıram.

Dəyərli Dostlar, bəs siz ölkədə Təchizat zəncirinin idarəedilməsi baxımından hansı problemləri görürsünüz? Fikirləriniz çox maraqlı olar.