“Single & Solo” source anlayışları

Təchizat və ya satınalma şöbəsi olaraq fəaliyyətimiz zamanı bir çox mənbələrdən mal və ya xidmətlər alırıq. Lakin bəzən elə bir situasiya yaranır ki, biz müəyyən mal və ya xidmətləri tək və yeganə mənbədən(təchizatçı şirkətdən) almalı oluruq və yaxud da məqsədli şəkildə almaqda maraqlı oluruq. Bu növ alışlar təchizat sistemində Single və Solo source alışlar adlanır. Bir çoxlarımız bu anlayışları eyni bilirik və ya aralarında prinsipial bir fərqlərin olmadığını düşünürük. Amma sizlərə yaxşı(və yaxud da pis) xəbərim var bunlar əslində fərqli anlayışlardır. Bəs nədir Single və Solo sourcing? Aralarındakı fərqlər hansılardır?

srm-maize-blue

  • Single sourcing- Bu vəziyyətdə əslində sizin müəyyən məhsulu bir neçə təchizatçıdan almaq imkanlarınız var, yaxud da deyək ki, bu məhsulun bazarda bir neçə istehsalçısı var və sizə bir neçə mənbədən təqdim olunur. Lakin siz bir təchizatçı ilə daha yaxşı və sizə daha çox sərf edən biznes şərtləri və ya təklifləri əsasında razılaşıb həmin məhsulu məhz həmin şirkətdən almağa qərar verirsiniz. Burda prioritetlər fərqli ola bilər, məsələn şirkət sizə daha yaxşı texniki və kommersiya təklifləri verə bilər, təklif olunan qiymət sizi daha çox qane edə bilər, üstün servis xidmətləri ola bilər, təqdim olunan məhsul və ya xidmətin şirkətinizin fəaliyyət və keyfiyyət standartlarına uyğunluğu daha çox ola bilər. Həmçinin daha yaxşı xərc azaltma(cost cutting) imkanları vəd edə və digər strateji hədəflərinizə daha çox uyğun ola bilər. Məsələn, siz şirkətiniz üçün kompyuterləri sadəcə Toshiba firmasından alırsınızsa bu single sourcing-dir.

 

  • Solo sourcing- Bu halda isə sizin müəyyən məhsul alışı üçün bazarda seçim imkanlarınız məhduddur. Yəni “A” məhsulunun bazarda yeganə istehsalçısı və bazara təqdim edəni yalnız və yalnız “B” şirkətidir. Sizin fəaliyyətiniz zamanı əgər “A” məhsuluna tələbatınız yaranarsa onu “B” şirkətindən almağa məcbursunuz artıq, çünki bazarda başqa alternativ yoxdur. Bu tip bazarlar satıcı şirkətlərin bazarı hesab olunur və əksər hallarda monopol bazarlardır. Bu cür hallarda təchizat( və ya satınalma) mütəxəssisinin qiymət, keyfiyyət, funksionallıq və digər baxımından təchizatçı şirkətə təsir etmək imkanları çox-çox aşağı olur. Və danışıqlarda, ümumi şərtlərdə diqtə edən tərəf hər baxımdan təchizatçı şirkət olur.

Ümumiyyətlə, həm nəzəriyyədə, həm də praktikada single və solo sourcing-dən mümkün qədər yayınmaq tövsiyə edilir. Düzdür, bəzən şirkətlər bazar şərtlərinə görə solo sourcing-ə getməyə məcbur olurlar, lakin single sourcing-dən yayınmaq mümkündür və tövsiyə ediləndir. Çünki bazar daim dəyişir, inkişaf edir, yeni trendlər daxil olur bazara və elə bir şirkətlər olur ki, bizə daha yaxşı və effektiv təkliflər edə bilərlər. Bu şirkətlər müəyyən məhsul və ya xidmət kateqoriyalarına görə bir neçə də ola bilər. Bu halda biz rəqabətli bir tender həyata keçirərək bütün təkliflərlə tanış ola və müəyyən prioritetlərimizə görə ən üstün təchizatçı şirkəti seçə bilərik. Bundan başqa korrupsiyadan, fraud-lardan da yayınmış olarıq, bildiyimiz kimi, single source məsələlərində fraud halları daha çox olur. Yəni nəticə olaraq qeyd etməkdə fayda var ki, biz təchizat şöbəsi olaraq tək mənbəli alışlara meyl etməməliyik və daima bir və ya bir neçə alış alternativlərimiz olmalıdır.

Ənənəvi və Strateji satınalma

Bir çox sahələrdə olduğu kimi satınalma və təchizat istiqaməti üzrə də prosesin icra edilməsinin ənənəvi və strateji tipi vardır. Satınalma prosesini də həm ənənəvi, yəni daha bəsit və eyni istiqamətli, kifayət qədər araşdırma etmədən, işin daha da bətninə enmədən və eyni zamanda da daha dəqiq, işin ən xırda detallarına enərək, dolğun bir araşdırma edərək, konkret strategiyalarla həyata keçirmək olar. Yazı da əsas məqsədim ənənəvi və strateji satınalmanın müqayisəsini aparmaq, üstünlük və çatışmazlıqları göstərməkdir. Getdik..:)

AAEAAQAAAAAAAALfAAAAJDE5Mzg2MTU4LWU4OGItNDRiYS1hYjcxLTU2ZjZjNGUwMzY0Mw

  1. Ənənəvi satınalma sadəcə biznesdə müəyyən bir ehtiyac və ya tələb yaranarkən onun qarşılanması və məhsulun çatdırılması ilə bitir, yəni davamlı olaraq prosesin təkmilləşdirilməsi, keyfiyyətin yüksəldilməsi məsələlərinə bir o qədər də meylli deyildir. Strateji satınalmada isə proses bir qədər çoxşaxəli olur, yəni tələb olunan məhsulun təmin olunması ilə bərabər daim araşdırma və inkişaf yönlü olur, xərclərin səmərəli və effektiv formada azaldılması, keyfiyyətin artırılması, təchizatçı firmalarla effektiv partnyorluq əlaqələrinin formalaşdırılması və.s istiqamətli strategiyalarla şirkət üçün rentabelliyin təmin olunması və sonucda şirkətdə bir dəyər yaradılmasına(value chain) əsaslanır.
  2. Ənənəvi satınalmada proses rutin olduğundan xüsusi bir taktika və metodlardan istifadə olunmur, ona görə də hər tələbə və ya sifarişə xüsusi yanaşma və xüsusi strategiyalar olmur, strateji satınalma isə tələbin bütün detallarının xırdalıqlarına kimi incələnməsi və ən doğru məhsulun, ən doğru zamanda, ən doğru qiymətə və ən doğru keyfiyyətdə təmin olunmasına fokuslanır.
  3. Ənənəvi satınalmada proses başa çatdıqdan sonra ümumi satınalma fəaliyyətinin dəyərləndirilməsi daha çox manual qaydada, yəni mütəxəssislərin rəyi və ya gözəyarı keyfiyyət standartları ilə aparılır, strateji satınalmada isə prosesin effektivliyi və qoyulan məqsədlərə hansı səviyyədə çatıldığını ölçmək üçün konkret KPİ(Key Performance İndicator)-lar və ya Benchmark standartlarından istifadə olunur.
  4. Ənənəvi satınalma bazardan daha ucuz məhsulun tapılması və təmin olunmasına daha çox fokuslanır, strateji satınalmada isə əsas məqsəd uyğun qiymətlə bərabər həmçinin uyğun təchizatçılarla uzun müddətli əlaqələrin qurulması, təchizatçıların daim yeni və rəqabət qabiliyyətli məhsul istehsalına təşviqi və bununla da gələcəkdə yaranmış olacaq tələb dəyişkənliklərinə hazır olmaqdır.
  5. Ənənəvi satınalma xərclərin azaldılmasında təchizatçılardan müntəzəm endirimlərin alınmasına, bəzən onların qiymət barəsində sıxılmasına daha çox əsaslanır, halbuki biz bilirik ki, çalışdığımız təchizatçılara necə yanaşırıqsa, onlar da bizə hər baxımdan o cür yanaşacaq, yəni endirim istənilərkən bu biznes etikası çərçivəsində, hər iki tərəfin imkanları nəzərə alınaraq edilməlidir, strateji satınalmada isə xərclərin azaldılmasına daha əhatəli baxış həyata keçirilir, belə ki bir təchizatçı ilə iş birliyinə başlamazdan əvvəl onunla görüləcək ümumi işin dəyəri dəqiqliklə hesablanır, buraya məhsulun keyfiyyət kriteriyaları, çatdırılma şərtləri, sifarişin yerinə yetirilmə vaxtı(lead time) və ümumən satınalma prosesinin administrasiyası daxildir.
  6. Keyfiyyətə yanaşma baxımından ənənəvi satınalma daha çox qiymətə həssas olduğundan bəzən tələbin qarşılanması zamanı keyfiyyət kriteriyalarından kənarlaşmalar ola bilər, strateji satınalma həyata keçirən mütəxəssislər isə əvvəlcədən təchizatçı şirkət qarşısında öz dəqiq ölçü meyarlarını və keyfiyyət standartlarını təyin edirlər, buna görə də əvvəlcədən təyin olunmuş keyfiyyət standartlarından yayınma halları çox az olur və uzun müddətli partnyorluq qurulduğundan keyfiyyət standartlarında daim yenilənmələr və inkişaf olur.
  7. Dəyər yaratmaq məsələsinə gəldikdə isə ənənəvi satınalma uyğun keyfiyyətdə, uyğun qiymətdə məhsul təmin olunduğunda artıq yeni texnologiyalara, innovasiyalara bir o qədər də meylli deyildir, strateji satınalmada isə qoyulmuş keyfiyyət standartları əsasında təchizatçıdan gələn yeni və innovativ təkliflərə(e-procurement, e-tendering və.s)  açıqlıq var, belə ki, innovasiyalar və yeni metodlar şirkətə nisbətən baha başa gəlsə də, ümumi biznes proseslərinin daha da optimallaşdırılmasına və zaman, keyfiyyət, davamlılıq kimi üstünlüklər qazanıldığından bazarda digər şirkətlər qarşısında rəqabət qabiliyyətliliyin qazanılmasına gətirib çıxarır.
  8. Əlaqələrin qurulması və səmərəli şəkildə idarə edilməsi baxımından ənənəvi satınalmada əgər hər hansı bir təchizatçıdan uyğun qiymət və ya endirim əldə oluna bilmirsə, artıq müxtəlif yeni təchizatçıların axtarışına, onların dəyərləndirilməsinə, lazımi məlumatların toplanılmasına başlanılır və ümumi təchizatçı sayı artdığından satınalma prosesində bir qarışıqlıq(complexity of purchasing) yaranır, eyni zamanda xeyli vaxt itkisi, risklərin və administrativ işlərin artması müşahidə olunur. Strateji satınalmada isə uyğun təchizatçılarla əsas etibarilə uzun müddətli müqavilələr imzalanır və uzun müddətli partnyorluq prioritetdir. Bu halda satınalma prosesi və sifarişlərin idarəedilməsi nisbətən sadələşir və administrativ xərclərə və administrativ işlərin həyata keçirilməsinə ayrılacaq zaman da azalır, bu eyni zamanda stabillik və yaxşı partnyorluq əlaqələri qurulduğundan daim ümumi xərclərə yenidən baxmağa və optimizasiyaya şərait yaradır.
  9. Şirkət mənfəətinə təsir imkanları baxımından da strateji satınalma ən azı bir addım öndədir, belə ki strateji satınalmada xərclərə daha sistematik və ümumi biznes proseslərinin optimallaşdırılması nöqteyi-nəzərindən baxıldığından daha çox qənaət etmək və mənfəətliliyə nail olmaq olar.
  10. Təchizat zənciri boyunca yaranacaq risklərə təsir etmək və ya onlardan yayınmaq baxımından da strateji təchizat çox əhəmiyyətlidir, belə ki, xərclənəcək hər 1 dolların analizi, hər bir seqment üzrə təchizatçıların həm keyfiyyət, həm onun imkanları(maliyyə və ya digər), partnyorluq qurulacaq şirkətin ümumi korporativ vəziyyəti və bazarda tutduğu mövqeyi ətraflı şəkildə araşdırıldığına görə riskləri aşkarlamaq və vaxtında onlardan yayınmaq imkanları xeyli artır.

Əziz oxucular, bəs siz hansı fərqləri və üstünlükləri görürsünüz? Fikirlərinizi şərhlərdə qeyd edin.