Yaxşı ideyalar işsizlik zamanı yaranır. :)

Bright-Ideas.jpg

Uzun müddət işsiz qalan bir mühəndis olur. İş tapa bilmədiyini görüncə qərara gəlir ki,borc-xərclə bir klinika açsın. Klinikanın giriş qapısında belə bir lövhə asır: Müalicən üçün 500$ xərclə, əgər sağalmasan əvəzində 1000$ geri qaytarılır. Bir gün klinikanın qarşısından keçən bir həkim bunu 1000$ qazanmaq üçün yaxşı bir fürsət zənn edir və klinikaya daxil olur.

-Həkim: Mən ağız dadımı itirmişəm

-Mühəndis: Tibb bacısı,zəhmət olmasa 22-ci cərgədəki dərmanı gətirin və 3 ədədini pasyentə verin qəbul etsin.

-Həkim: Bu ki qazolindir.(avto benzin,petrol)

-Mühəndis: Təbriklər! Sizin ağız dadınız bərpa olundu,zəhmət olmasa 500$ ödənişinizi təqdim edin.

Kor-peşman klinikadan çıxan həkim itirdiyi pulu qazanmaq üçün bir neçə gün sonra təkrar həmin klinikaya geri dönür.

-Həkim: Mən yaddaşımı itirmişəm və heç nəyi xatırlamıram.

-Mühəndis: Tibb bacısı, zəhmət olmasa 22-ci cərgədəki dərmanı gətirin və 3 ədədini pasyentə verin, qəbul etsin.

Həkim: Bu ki həmin qazolindir.

Mühəndis: Təbriklər! Sizin yaddaşınız bərpa olundu, zəhmət olmasa 500$ ödənişinizi təqdim edin.

Əsəbi halda geri dönən həkim, bir neçə gün keçdikdən sonra təkrar klinikaya gəlir.

-Həkim: Mənim görmə qabiliyyətim xeyli zəifləyib.

-Mühəndis: Təəssüf edirik, hələki bunu müalicə edəcək dərmanımız yoxdur. Buyurun bu 1000$ sizindir.

-Həkim: Cənab, amma verdiyiniz məbləğ 500$-dır axı.

-Mühəndis: Oooo…Təbrik edirəm sizi, sizin görmə qabiliyyətiniz bərpa olundu. Zəhmət olmasa 500$ ödənişinizi təqdim edin. 🙂

“Single & Solo” source anlayışları

Təchizat və ya satınalma şöbəsi olaraq fəaliyyətimiz zamanı bir çox mənbələrdən mal və ya xidmətlər alırıq. Lakin bəzən elə bir situasiya yaranır ki, biz müəyyən mal və ya xidmətləri tək və yeganə mənbədən(təchizatçı şirkətdən) almalı oluruq və yaxud da məqsədli şəkildə almaqda maraqlı oluruq. Bu növ alışlar təchizat sistemində Single və Solo source alışlar adlanır. Bir çoxlarımız bu anlayışları eyni bilirik və ya aralarında prinsipial bir fərqlərin olmadığını düşünürük. Amma sizlərə yaxşı(və yaxud da pis) xəbərim var bunlar əslində fərqli anlayışlardır. Bəs nədir Single və Solo sourcing? Aralarındakı fərqlər hansılardır?

srm-maize-blue

  • Single sourcing- Bu vəziyyətdə əslində sizin müəyyən məhsulu bir neçə təchizatçıdan almaq imkanlarınız var, yaxud da deyək ki, bu məhsulun bazarda bir neçə istehsalçısı var və sizə bir neçə mənbədən təqdim olunur. Lakin siz bir təchizatçı ilə daha yaxşı və sizə daha çox sərf edən biznes şərtləri və ya təklifləri əsasında razılaşıb həmin məhsulu məhz həmin şirkətdən almağa qərar verirsiniz. Burda prioritetlər fərqli ola bilər, məsələn şirkət sizə daha yaxşı texniki və kommersiya təklifləri verə bilər, təklif olunan qiymət sizi daha çox qane edə bilər, üstün servis xidmətləri ola bilər, təqdim olunan məhsul və ya xidmətin şirkətinizin fəaliyyət və keyfiyyət standartlarına uyğunluğu daha çox ola bilər. Həmçinin daha yaxşı xərc azaltma(cost cutting) imkanları vəd edə və digər strateji hədəflərinizə daha çox uyğun ola bilər. Məsələn, siz şirkətiniz üçün kompyuterləri sadəcə Toshiba firmasından alırsınızsa bu single sourcing-dir.

 

  • Solo sourcing- Bu halda isə sizin müəyyən məhsul alışı üçün bazarda seçim imkanlarınız məhduddur. Yəni “A” məhsulunun bazarda yeganə istehsalçısı və bazara təqdim edəni yalnız və yalnız “B” şirkətidir. Sizin fəaliyyətiniz zamanı əgər “A” məhsuluna tələbatınız yaranarsa onu “B” şirkətindən almağa məcbursunuz artıq, çünki bazarda başqa alternativ yoxdur. Bu tip bazarlar satıcı şirkətlərin bazarı hesab olunur və əksər hallarda monopol bazarlardır. Bu cür hallarda təchizat( və ya satınalma) mütəxəssisinin qiymət, keyfiyyət, funksionallıq və digər baxımından təchizatçı şirkətə təsir etmək imkanları çox-çox aşağı olur. Və danışıqlarda, ümumi şərtlərdə diqtə edən tərəf hər baxımdan təchizatçı şirkət olur.

Ümumiyyətlə, həm nəzəriyyədə, həm də praktikada single və solo sourcing-dən mümkün qədər yayınmaq tövsiyə edilir. Düzdür, bəzən şirkətlər bazar şərtlərinə görə solo sourcing-ə getməyə məcbur olurlar, lakin single sourcing-dən yayınmaq mümkündür və tövsiyə ediləndir. Çünki bazar daim dəyişir, inkişaf edir, yeni trendlər daxil olur bazara və elə bir şirkətlər olur ki, bizə daha yaxşı və effektiv təkliflər edə bilərlər. Bu şirkətlər müəyyən məhsul və ya xidmət kateqoriyalarına görə bir neçə də ola bilər. Bu halda biz rəqabətli bir tender həyata keçirərək bütün təkliflərlə tanış ola və müəyyən prioritetlərimizə görə ən üstün təchizatçı şirkəti seçə bilərik. Bundan başqa korrupsiyadan, fraud-lardan da yayınmış olarıq, bildiyimiz kimi, single source məsələlərində fraud halları daha çox olur. Yəni nəticə olaraq qeyd etməkdə fayda var ki, biz təchizat şöbəsi olaraq tək mənbəli alışlara meyl etməməliyik və daima bir və ya bir neçə alış alternativlərimiz olmalıdır.

Tam zamanında istehsal fəlsəfəsi(Just in time manufacturing)

Yapon şirkətləri, 1973-ci ilin neft böhranı sonrasında düçar olduqları krizisdən xilas olmaq və düşən mənfəət səviyyəsini yüksəltmək məqsədilə, yeni üsul axtarışlarına başladılar. Bu cəhdlər nəticəsində TOYOTA firmasının inkişaf etdirdiyi Tam Zamanında İstehsal (Just In Time) meydana gəldi. Bu sistem, müxtəlif istehlakçı istəkləri və davamlı artan beynəlxalq rəqabət şəraitində təkmilləşdirildi. Hal-hazırda bu sistem, bütün sənaye şirkətlərinin tətbiqi hədəflədiyi bir model halına gəldi.

Xülasə, bu sistemin yaranması, tarixi, inkişaf mərhələləri haqqında uzun-uzadı yazmayacam, daha çox mahiyyəti və əsas prinsipləri haqqında ümumi məlumat verməyə çalışacağam.

Müxtəlif formada tətbiqlər əsasında Tam Zamanında İstehsal (JIT) sisteminə müxtəlif təriflər gətirilə bilər. Bu təriflərin bəziləri, sistemi yalnız ehtiyatların azaldılması ilə məhdudlaşdırır. Halbuki, JIT bundan daha geniş və əhatəlidir. Yalnız istehsalla əlaqədar fəaliyyətlərdə deyil, vəsait təmin olunmasından yığıma, təmir-baxımdan mühəndislik dizaynına, satışdan üst rəhbərliyə qədər istehsal sisteminin digər sahələrinə də təsirini göstərir. Çünki JIT, bütün sistemdəki zaman və baza itkilərinin qarşısının alınması və yox edilməsi yolu ilə iş məhsuldarlığını əhəmiyyətli dərəcədə və davamlı yaxşılaşdırmağı məqsəd qoyan bir strategiyadır. Qısası, JIT fəlsəfəsi, bütün vahidlərin iştirakı ilə ən az və ya optimallaşdırılmış xərclərlə ən yüksək müştəri məmnuniyyətini təmin edəcək davamlı təkmilləşdirməni məqsəd qoyan bir strategiyadır.

Ənənəvi “nə istehsal edirəmsə onu da satacam”yanaşmasında deyil,”Satdığını istehsal et” şəklində qurulan bu sistemin işləməsində məhsul və ya yarımfabrikat vəsaitdən ibarət olan gərəksiz ehtiyatlar ortadan qalxır. Stoksuz istehsal və ya “0” ehtiyat kimi adlarla da tanınan  JIT, bütün istehsal ehtiyatlarının optimal istifadəsi prinsipinə əsaslanır. Stoklar tam sıfır və ya yox səviyyəsində olmasa da, ənənəvi istehsal yanaşması ilə müqayisədə sıfır səviyyəsindədir və birbaşa sifarişlərə əsaslanır, yəni sifariş miqdarları effektiv və dəqiq şəkildə planlanır və istehsal xətti sifarişlərə uyğun bir şəkildə qurulur. Bu sistemdə kapital, avadanlıq və əmək kimi ünsürlər, ən uyğun zamanda və effektiv istifadə edilir. Müştərinin keyfiyyət və çatdırılma mövzusundakı ehtiyaclarının ən aşağı xərclərlə qarşılandığı bir sistemin davamlı inkişaf etdirilməsi əsas məqsəddir.

maxresdefault

JIT’in üç təməl prinsipi:

1 – İsraf və maneələri aradan qaldırmaq.

2 – Ümumi keyfiyyətə nəzarət.

3 –  İşçilərin fəaliyyət siyasətidir.

Bundan başqa sistemə aid bəzi digər nüansları da qeyd etməkdə fayda var:

1 – Məhsul dizaynı mərhələsində yaşanan istehsal problemlərini nəzərə alaraq, mükəmməl bir icra və məhsul dizaynı kəsişmələrini təmin etmək.

2 – Xammalın qəbulunun zamanında olmasını təmin edəcək iş əlaqələrini təmin etmək.

3 – İrəli fikirlilik, gələcəkdə nələr ola biləcəyini proqnozlaşdırma.

4 – Kanban metodunu istifadə etmək.(Metod haqqında ətraflı linkdə:Kanban system)

5 – Tələb-təklif tarazlığına görə məhsul istehsalının vaxtını və sifarişin hazırlıq mərhələsinin dəqiq təyini.

6 – Təsirli bir çarx sistemini, yəni xammal və vəsaitdən məhsula çatan çarx sistemini daha sürətli və təsirli olaraq təmin etmək.

7 – İş mərkəzləri arasında uyğunluğun təmin edilməsi.

8 – Satınalma və istehsalın kiçik miqdarlarda edilməsi.

9- İnvestisiya və əlverişsiz iş mühitindən sürətli bir eniş, malın istehsalı və sonra satışında gözlətmə zamanı az olacağından çox yerə ehtiyacı olmaması.

10- Malın keyfiyyəti artar və tullantı xərcləri azalar. Tullantıların xərclərinin düşməsinin səbəbi isə az miqdarda istehsal olacağından, ediləcək bir səhvdə tullantı da az olacaq.

11-Birdən çox bacarığı olan və elastiki qabiliyyətə sahib işçilər.

12-Biryerdə iş sayəsində isə işçilər bir-birlərini görər, işlərini tanıyar, bir-birlərinə kömək edər, ünsiyyət sürətlənər. Bunlar da komanda işinin əsaslarındandır.

13-Sürətli, mütənasib, daha təsirli təsis qurma və nizamlamalar.

JIT-in əsasları müvəffəqiyyətlə bir çox şirkətlərdə istifadə edilmişdir. Şirkətlət bu metod sayəsində dünya standartlarında rəqabətlə ayaqlaşmağı bacarıb.

Məsələn, satış-istehsal inteqrasiyasını reallaşdırmış olan TOYOTA firması müştərilərinə satın alacaqları avtomobillərin bir çox xüsusiyyətini öncədən təyin edib sifariş etmə imkanı verir. Dell şirkəti də belə şirkətlərə misal ola bilər, belə ki, siz şirkətin saytına daxil olub orda müvafiq bölmələrdən istədiyiniz parametr və göstəricilərdə spesifik kompyuterlər yığa və şirkətə elektron formada sifariş verə bilərsiniz ki, Dell şirkəti də bütün fəaliyyətinin bazasını bu sifarişlər üzərində qurmuşdur və stoklar minimum səviyyədədir, yalnız sifarişlər planlandıqdan sonra müvafiq növdə və parametrdə kompyuterlərin istehsalına start verilir(yəni artıq istehsal olunmadan satılmış kompyuterlərin).